AMEA-da keçirilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın iştirakçıları Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olublar.
Konfrans iştirakçılarından olan alimlər – Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong, Vyetnamın Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva, Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova, Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetinin Xarici Dillər Departamentinin əməkdaşı dosent Nouşad, Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin professoru Ömer Solak və digərləri əvvəlcə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində olublar.
Şöbənin müdiri professor Bədirxan Əhmədov rəhbərlik etdiyi şöbədə aparılan tədqiqatlar barədə qonaqlara məlumat verib. Bildirib ki, 2016-cı ildə yaradılmış Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi Asiya xalqlarının ədəbiyyatını öyrənmək baxımından milli ədəbiyyatşünaslığımızda yeni bir istiqamət açdı. Şöbənin yaranmasında əsas məqsəd təkcə bu xalqların ədəbiyyatını öyrənmək deyil, həm də Azərbaycan ədəbiyyatını, mədəniyyətini ədəbi əlaqələr kontekstində təbliğ etmək idi.
Onun sözlərinə görə, artıq şöbədə Çin, Pakistan, Vyetnam, İndoneziya, Koreya yapon, monqol, əfqan, hind ədəbiyyatı üzrə araşdırmalar aparılır. Şöbənin tədqiqatına iki problem ("Asiya xalqları ədəbiyyatı və ədəbi əlaqələri", "Asiya xalqları ədəbiyyatı: mərhələləri, problemləri, şəxsiyyətləri") və iki mövzu ("Asiya xalqları ədəbiyyatının inkişaf meyilləri, "Azərbaycan-Asiya ədəbi əlaqələri") daxildir və bu istiqamətlər üzrə aparılan elmi araşdırmalar öz bəhrəsini verməkdədir. Professor Bədirxan Əhmədov, həmçinin şöbədə Azərbaycan-Asiya ölkələri ədəbi əlaqələrinə dair kitabların hazırlandığını, birgə konfransların keçirildiyini diqqətə çatdırıb.
Daha sonra konfrans iştirakçıları Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında, institutun nəzdindəki Çin Mərkəzində, Pakistan Ədəbiyyatı Mərkəzində, Mehmet Akif Ərsoy Mərkəzində, Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzində, eləcə də Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzində olublar. Qonaqlara sözügedən mərkəzlərdə Asiya xalqları ədəbiyyatı ilə bağlı görülən işlər, aparılan tədqiqatlar barədə ətraflı məlumat verilib.
Konfrans iştirakçıları Ədəbiyyat İnstitutu ilə tanışlıqdan məmnun qaldıqlarını deyib, təməli qoyulmuş bu dostluğun, elmi-ədəbi əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
Sonda qonaqlara müəssisədə çap olunmuş bir sıra kitablar hədiyyə edilib.
Qeyd edək ki, “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans Bakıda Asiya ölkələri ədəbiyyatı ilə bağlı keçirilən ilk tədbirdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.