Fevralın 1-də AMEA Rəyasət Heyətində Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə iclası keçirildi.
Əvvəlcə AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülmüş AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadəyə mükafatı təqdim etdi. Akademik Akif Əlizadə filosof alimi təbrik etdi, ona elmi fəaliyyətində uğurlar arzuladı.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq hazırda ölkədə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli barədə danışdı. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətindən danışan akademik İsa Həbibbəyli bildirdi ki, ölkə rəhbərinin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.
AMEA-nın vitse-prezidenti azərbaycançılıq ideologiyasının inkişaf mərhələlərindən, bu ideologiyanın formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışdı, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi.
İsa Həbibbəyli AMEA-da ötən ildən multikulturalizm ilə bağlı elmi araşdırmaların aparıldığını, cari ildən etibarən isə alim və tədqiqatçıların bu mövzunu daha çox diqqət mərkəzində saxladığını bildirdi. Qeyd etdi ki, yaxın vaxtlarda AMEA tərəfindən ölkədə multikulturalizmin inkişafı mövzusunda beynəlxalq konfransın təşkili və bu mövzuda üçcildlik kitabın çap olunması nəzərdə tutulur.
Sonra fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadənin “Azərbaycanşünaslıq və multikulturalizm” mövzusunda məruzəsi dinlənildi. Məruzəçi milli şüurun, milli təfəkkürün inkişafı ilə bağlı fikirlərini bölüşdü. O, Azərbaycanın multikulturalizm sahəsində dünyanın öndə gedən ölkələrindən biri olduğunu vurğuladı.
Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir