Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Filosof alimin “Springer”də məqaləsi çap olunub
09.01.2025 14:16
  • A-
  • A
  • A+

Filosof alimin “Springer”də məqaləsi çap olunub

Tanınmış “Springer” nəşriyyatında “İslam fəlsəfəsi və Qərb fenomenologiyasının Dialoqu” seriyasının “Eko-təxəyyül: Dayanıqlı gələcəyə doğru. İslam fəlsəfəsi perspektivindən” ” adlı 8-ci cildi nəşr olunub.

Dünya Fenomenologiya İnstitutunun həm-prezidenti, professor Daniela Verduççi və Türkiyə-Alman Universitenin professoru Detlev Quinternin redaktorluğu ilə nəşr olunan monoqrafiyanın bölmələrindən birinin müəllifi AMEA-nın müxbir üzvü Könül Bünyadzadədir. “Eko-təxəyyül və Sufi fenomenologiya” adlı  yazısında müəllif eko-təxəyyülü özünün yeni fəlsəfi konsepsiyası prizmasından təhlil etmişdir. Məqalədə insan və təbiət yaradılışın fərqli səviyyələri olaraq, şüur və altşüur, insanın subyektiv dünyası və ruh kimi məsələlərə fəlsəfi təhlil verən müəllif eko-təxəyyülün əslində yaradıcılıq üçün zəruri bir komponent olduğunu, onun naqisliyi zamanı insanın bir dağıdıcı qüvvəyə çevrildiyini əsaslandırır.

Könül Bünyadzadənin yazdığına görə, maddi dünyada hər varlığın öz konkret məkanı, forması var. Onların böyüməsi bir-birinə mane olmur, əksinə bir-birini tamamlayır. Bir meşədə böyük ağaclarla bərabər kiçik kollar, çiçəklərin varlığı kimi. İnsan bu sistemə daxil olmadığına görə, onun böyüməyi fərqlidir. İnsan isə başqa varlıqların məkanını zəbt eləməklə böyüyür və bu zəbt ilk növbədə şüurda başlayır. Bununla belə, yaradılmışlar vahid bir sistemə daxildirlər və öz müstəqil sistemlərinə malik olmaqla yanaşı, həm də həmin strukturun tərkib hissəsidirlər. Yəni hamısı öz aralarında mütləq şəkildə əlaqəlidirlər. Bu, yaradılışın qanunauyğunluğudur. Bu qanunların kəşf olunub olunmaması – insanın onları dərki həmin sistemlərə heç nə vermir. Əksinə, insan müdaxilə edəndə, nəyi isə dağıdanda, zərər verə bilər. Bu qanunauyğunluqların kəşfi, sistemlərarası əlaqələrin öyrənilməsi insana lazımdır, insan üçündür. Başqa sözlə desək, eko-təxəyyül insanın ona yad olan təbiəti anlayıb orada öz yerini tanımasıdır.

Xüsusilə vurğulayaq ki, Könül Bünyadzadə öz yeni fəlsəfi konsepsiyası ilə bağlı davamlı olaraq yüksək faktorlu elmi nəşrlərdə məqalələr nəşr etdirir. Qeyd olunan monoqrafiyada isə o, dövrün ən qlobal problemlərindən birinə - ekologiyaya da bu fəlsəfi prizmadan baxır. Xatırladaq ki, 2024-cü ildə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etmişdi. Bunu nəzərə alaraq Könül Bünyadzadənin məqaləsinin həm də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: