Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2025 10:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclasdan əvvəl AMEA-nın Kimya Elmləri Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi, elmi-təşilati fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə akademik Vaqif Fərzəliyevə, akademik Dilqəm Tağıyevə, akademik Abel Məhərrəmova və akademik Cavad Abdinova AMEA-nın Fəxri fərmanı təqdim edilib.

İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı və AMEA-nın qarşısında duran vəzifələr haqqında olub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, 2024-cü il ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qalıb, bütün dünyanın diqqəti Azərbaycanda olub və dövlətimiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə təşkil etməklə qlobal problemin həllinə öz töhfəsini verib. AMEA rəhbəri COP29-un Azərbaycanda keçirilməsinin müstəqillik tariximizin ən önəmli hadisələrindən biri olduğunu söyləyib və belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin Prezident İlham Əliyevin beynəlxalq miqyasdakı nüfuzunun göstəricisi olduğunu deyib.

Akademik İsa Həbibbəyli ötən ilin həm də “Yaşıl dünya naminə həmrəylik ili” kimi yadda qaldığını söyləyib. 2024-cü ildə ölkəmizdə, o cümlədən Akademiyada bu istiqamətdə geniş Tədbirlər planının icra olunduğunu, ağacəkmə aksiyalarının keçirildiyini, bu problemin mahiyyəti və həll yollarını əks etdirən sanballı elmi nəşrlərin, məqalələrin işıq üzü gördüyünü diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. AMEA prezidenti bu Sərəncamın müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və yeni nəsillərin dövlətçilik ruhu əsasında tərbiyəsində mühüm rol oynayacağını bildirib.

Akademik İsa Həbibbəyli bu gün Azərbaycan Respublikasının dövlət başçısının Sərəncamında qeyd olunduğu kimi, xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirdiyi, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb.

Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün üçün mühüm qanunvericilik bazası rolunu oynadığını söyləyən AMEA rəhbəri diqqətə çatdırıb ki, müəllifi Ulu Öndər olan bu Konstitusiya Azərbaycan tarixinə həm də “Heydər Əliyev Konstitusiyası” kimi daxil olub.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu tarixi hadisələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu, dövlət başçımızın Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində Dövlət Bayrağımızı ucaltmaqla, Qalib Xalq kimi xalqımızın, dövlətimizin başını ucaltdığını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu hazırkı şəraitdə dövlət başçısının xüsusi diqqət və qayğısı ilə AMEA-nın xüsusi inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, alimlərimizin qarşısında yeni tarixi mərhələnin elmi salnaməsini yaratmaqla, ölkəmizin iqtisadi gücünün və beynəlxalq əlaqələrinin genişlənməsinə, ictimai fikrin möhkəmlənməsinə əsas verən tədqiqatlar aparmaqdan ibarət olmalıdır.

Akademik İsa Həbibbəylinin çıxışı dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

İclasda müzakirə olunan növbəti məsələ Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər haqqında olub.

27 mart 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinin tamam olduğunu qeyd edən akademik İsa Həbibbəyli Rəyasət Heyətinin müvafiq qərarına əsasən, AMEA-nın yubileyinin keçirilməsi ilə  geniş Tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb.

AMEA prezidenti il ərzində Akademiyanın 80 illik yubileyi ilə bağlı yerli və beynəlxalq konfransların keçiriləcəyini, kitabların, məqalələrin çap olunacağını, sərgilərin təşkil ediləcəyini bildirib və AMEA-nın yubileyinə dair Tədbirlər planının yüksək elmi-təşkilati səviyyədə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın Ümumi Yığıncağının keçirilmə vaxtının təyin edilməsi və gündəliyinin təsdiq edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların, həmçinin AMEA-da həyata keçirilən genişmiqyaslı islahatların növbəti mərhələlərinin müzakirəsini təmin etmək, digər nazirlik və dövlət qurumlarının tabeliyində olan elmi və ali təhsil müəssisələrində əldə edilmiş mühüm elmi nəticələrə dair müzakirələrin həyata keçirilməsi məqsədilə Akademiyanın bütün üzvlərini özündə birləşdirən AMEA-nın Ümumi Yığıncağının keçirilməsi zərurəti yaranmışdır.  Qeyd edib ki, AMEA-nın yeni Nizamnaməsinə əsasən, Akademiyanın Ümumi Yığıncağının keçirilməsi vaxtının təyin edilməsi və Ümumi Yığıncağın iclaslarının gündəliyinin tərtib olunması AMEA-nın Rəyasət Heyəti tərəfindən həyata keçirilir.

İclasda AMEA-nın Ümumi Yığıncağının 21 fevral 2025-ci il tarixində keçirilməsi qərara alınıb və yığıncağın gündəliyi təsdiqlənib.

İclasda həmçinin filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın Humanitar Elmlər Bölməsinin “Filologiya və sənətşünaslıq” jurnalının baş redaktoru təyin edilib.

Daha sonra AMEA-nın Kimya Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev təqdim edib.

Akademik Dilqəm Tağıyev diqqətə çatdırıb ki, 2024-cü ildə Kimya Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə 12 problemə aid 41 mövzuya dair 113 tədqiqat işi, 139 mərhələ aparılıb, 2 mövzu, 58 iş, 139 mərhələ tamamlanıb və bu tədqiqatlardan 6-sı tətbiq olunub.

Bölmə əməkdaşları tərəfindən hesabat ilində alternativ və bərpa olunan xammal mənbələri, yan məhsullar və tullantılar əsasında neft və neft kimya məhsullarının, biomənşəli yanacaqların istehsal texnologiyalarının elmi əsaslarının öyrənilməsi və tətbiq üçün təkliflərin verilməsi, Azərbaycan neftlərindən sərtləşmiş dünya standartlarına uyğun olan yanacaqların, yağların, bitumların, xüsusi mayelərin və müxtəlif təyinatlı kompozisiyaların alınma texnologiyasının elmi əsaslarının işlənib hazırlanması, təcrübə nümunələrinin alınması, sınaqları və tətbiqi, mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funksional materialların sintezi, katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbentlərin yaradılması, Zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi, antimikrob xassələrə malik polimer maddələrin alınması, fotohəssas və optiki şəffaf rezist materialların sintezi, aerokosmik sahədə tətbiq üçün poliefiruretan (PEU) forpolimerləri əsasında kompozisiyanın və polad ərintilərin alınması kimi və digər problemlər üzrə mühüm elmi nəticələrin əldə edildiyini bildirib.

Bölmənin əhatə etdiyi elmi müəssisələrin nəşr fəaliyyəti barədə məlumat verən akademik Dilqəm Tağıyev bildirib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 9 kitabı, 16 monoqrafiyası (3-ü xaricdə), 435 məqaləsi (229-u xaricdə), 677 tezisi (208-i xaricdə), 5 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 283-ü “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 5720 istinad qeydə alınıb. Həmçinin bölmə üzrə elmi müəssisələrin patent almaq üçün 51 iddia sənədi verdiyini, respublikada 33, xaricdə 2 patentin alındığını diqqətə çatdırıb.

O, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər barədə məlumatları diqqətə çatdırıb.

Sonra AMEA-nın müşaviri akademik Adil Qəribov, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov və Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov hesabat ətrafında çıxış edib, bölmənin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Müzakirələrdən sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev AMEA Rəyasət Heyətinin qərarını səsləndirib. Qərarda Kimya Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

Daha sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi, elmi-təşilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin direktor müavini professor Şaiq İbrahimov təqdim edib.

Qeyd edilib ki, 2024-cü ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildləri üzərində işlərin aparılması istiqamətində fəaliyyət göstərmişdir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasında “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə çoxsaylı elmi materialların dərc edilməsi ilə yanaşı, ən fundamental nəşrlərdən biri kimi, 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulmuşdur. Mərkəz tərəfindən hazırlanmış “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü AMEA Rəyasət Heyətinin  10 oktyabr 2023-cü il tarixli iclasında geniş müzakirə edilərək təsdiq olunmuşdur. 

“Heydər Əliyev Ensiklopediyası” Ümummilli Liderin Azərbaycanın dövlət strukturlarının və dövlət rəmzlərinin formalaşmasında, Konstitusiyanın hazırlanmasında, ordu quruculuğunda və milli təhlükəsizlik sisteminin yaradılmasında xidmətləri, Azərbaycan xalqı və dövləti naminə həyata keçirdiyi fəaliyyətin tarixi icmalı, cəmiyyətin azərbaycançılıq ideologiyasına yönləndirilməsi, humanizm və demokratiya sadiqliyin möhkəmləndirilməsi üçün gördüyü işlər, xarici dövlətlər və təşkilatlarla əlaqələrin qurulmasında və inkişafında, xalqın sosial durumunun və ölkənin iqtisadiyyatının yaxşılaşdırılmasında, orta və ali təhsilin təşkilində və inkişafında, elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində, respublikada yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsində, icbarı sığortaya keçiddə, ölkədə olimpiya hərəkatının yaranması  sahəsində uğurlu fəaliyyəti, Azərbaycanda musiqi mədəniyyətinin, bədii yaradıcılığın, muzey işinin inkişafında, tarixi-memarlıq qoruqlarının yaradılmasında, ölkənin təbii sərvətlərinin öyrənilməsi və səmərəli istifadəsinin təşkilində və s. haqqında ətraflı məlumatları əhatə edəcəkdir. Natiq hazırda sözlüyə uyğun olaraq 800-ə qədər məqalənin ilkin variantının yazıldığını və məqalələrin redaktəsinin həyata keçirildiyini bildirib.

Bundan əlavə, 2024-cü ildə Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi Elmi Mərkəzin elmi redaksiyaları tərəfindən hazırlanaraq çapa təqdim edilib.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin sahələr üzrə elmi redaksiyaları Azərbaycan Milli Ensiklopediyasının 12-ci cildinə aid məqalələrin ilkin redaksiya variantını hazırlayaraq, yoxlanılması üçün müvafiq humanitar və təbiət elmləri üzrə elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təhvil veriblər.

Hesabat ili ərzində Azərbaycan Milli Ensiklopediyasının növbəti cildlərinə daxil edilməsi üçün bütün elmi redaksiyaların hazırladıqları məqalələrin ümumi sayı 3861 olmuşdur.

Məruzə dinlənildikdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, müvafiq qərar qəbul olunub.

İclasda həmçinin AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevin 75 illik yubileyi haqqında qərar da qəbul edilib.

Sonda AMEA prezidenti akademik İsa Həbibbəyli Akademiyanın bütün elmi-tədqiqat müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir və sərgilərin keçirilməsi barədə müvafiq tapşırıqlarını çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: