AMEA-nın Rəyasət Heyətinin iclasında AMEA-nın Kimya Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev təqdim edib.
Akademik Dilqəm Tağıyev diqqətə çatdırıb ki, 2024-cü ildə Kimya Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə 12 problemə aid 41 mövzuya dair 113 tədqiqat işi, 139 mərhələ aparılıb, 2 mövzu, 58 iş, 139 mərhələ tamamlanıb və bu tədqiqatlardan 6-sı tətbiq olunub.
Bölmə əməkdaşları tərəfindən hesabat ilində alternativ və bərpa olunan xammal mənbələri, yan məhsullar və tullantılar əsasında neft və neft kimya məhsullarının, biomənşəli yanacaqların istehsal texnologiyalarının elmi əsaslarının öyrənilməsi və tətbiq üçün təkliflərin verilməsi, Azərbaycan neftlərindən sərtləşmiş dünya standartlarına uyğun olan yanacaqların, yağların, bitumların, xüsusi mayelərin və müxtəlif təyinatlı kompozisiyaların alınma texnologiyasının elmi əsaslarının işlənib hazırlanması, təcrübə nümunələrinin alınması, sınaqları və tətbiqi, mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funksional materialların sintezi, katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbentlərin yaradılması, Zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi, antimikrob xassələrə malik polimer maddələrin alınması, fotohəssas və optiki şəffaf rezist materialların sintezi, aerokosmik sahədə tətbiq üçün poliefiruretan (PEU) forpolimerləri əsasında kompozisiyanın və polad ərintilərin alınması kimi və digər problemlər üzrə mühüm elmi nəticələrin əldə edildiyini bildirib.
Bölmənin əhatə etdiyi elmi müəssisələrin nəşr fəaliyyəti barədə məlumat verən akademik Dilqəm Tağıyev bildirib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 9 kitabı, 16 monoqrafiyası (3-ü xaricdə), 435 məqaləsi (229-u xaricdə), 677 tezisi (208-i xaricdə), 5 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 283-ü “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 5720 istinad qeydə alınıb. Həmçinin bölmə üzrə elmi müəssisələrin patent almaq üçün 51 iddia sənədi verdiyini, respublikada 33, xaricdə 2 patentin alındığını diqqətə çatdırıb.
O, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər barədə məlumatları diqqətə çatdırıb.
Sonra AMEA-nın müşaviri akademik Adil Qəribov, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov və Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov hesabat ətrafında çıxış edib, bölmənin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndiriblər.
Müzakirələrdən sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev AMEA Rəyasət Heyətinin qərarını səsləndirib. Qərarda Kimya Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.