Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsi anılıb.
Öncə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov 35 il əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin dərin hörmətlə yad olunduğunu deyib.
Professor Misir Mərdanov bildirib ki, Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi, əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.
Çıxış edənlər Azərbaycan xalqına qarşı törədilən bu cinayətin heç zaman unudulmayacağını və xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşayacağını vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.