Azərbaycan Radiosunda FM 105 tezliyində “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan veriliş 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilib.
Verilişdə 20 Yanvar hadisələrinin tarixi, Azərbaycan xalqının yaddaşında silinməz iz buraxan acı nəticələri haqqında məlumat verilib, Ümummilli Lider Heydər Əliyevin o dönəmlərdə Bakıdan uzaqlarda olmasına baxmayaraq, öz xalqına sevgisini və daimi dəstəyini növbəti dəfə nümayiş etdirərək, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid etməsindən, baş verənlərin geniş auditoriyaya çatdırılmasında göstərdiyi cəsarətli tədbirlərdən, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və beynəlxalq aləmə çatdırılması yönümündə atdığı qətiyyətli addımlardan bəhs olunub.
Akademik Rafael Hüseynov vurğulayıb ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi azadlıq uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhlarını şad edib, onların qisası alınıb.
"Axşam görüşləri"ndə 20 Yanvar faciəsinin şahidlərindən biri, Azərbaycanlı filosof, bəstəkar-şair və naşir Rasim Müzəffərli həmin gecə baş verən dəhşətlərdən danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.