Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin müasir Azərbaycan Respublikasını müstəqilliyə aparan yolunda dönüş nöqtələrindən biri olduğunu, xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyinin öz məkrli məqsədlərinə nail ola bilmədiklərini söyləyib. Qeyd edib ki, 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəman oğul və qızları ağır silahlanmış sovet ordusuna qarşı əliyalın mübarizə apararaq azadlıq və dövlət müstəqilliyimiz uğrunda canlarından keçmiş, müqəddəs şəhidlik zirvəsinə ucalmışlar. Hadisəyə ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini deyən akademik İsa Həbibbəyli Ümumilli Liderin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Qanlı 20 Yanvar haqqında beynəlxalq ictimaiyyətə məlumat verərək xalqımızın haqq səsini dünyaya çatdırdığını, SSRİ rəhbərliyinin vəhşi əməllərini cəsarətlə dilə gətirdiyini söyləyib.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən xüsusi qərarın qəbul edilməsilə xalqımızın məruz qaldığı dəhşətli faciəyə rəsmi olaraq siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə faciə kimi daxil olsa da, xalqımızın həyatında dönüş nöqtəsi olduğunu, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdiyini bildirib.
Qeyd edib ki, ötən 35 il ərzində 20 Yanvar faciəsinin qurbanları daim xalqımız tərəfindən əziz tutulub, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.
Akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbirlərin keçirildiyini, sərgilərin təşkil olunduğunu, bu tədbirlər vasitəsilə şəhidlərimizin göstərdiyi qəhrəmanlıqların gənc nəsillərə çatdırıldığını bildirib.
Daha sonra AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva 20 Yanvar faciəsinə aparan yol, xalqımızın qəhrəman oğul və qızlarının şücaəti, Ulu Öndər Heydər Əliyevin hadisəyə verdiyi hüquqi-siyasi qiymət, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya həsr olunmuş geniş məruzə ilə çıxış edib.
Akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının qarşısına əliyalın çıxaraq əsl fədailik göstərmiş və xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazmışlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.