Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Humanitar Elmlər Bölməsi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib
23.01.2025 10:10
  • A-
  • A
  • A+

AMEA-nın Humanitar Elmlər Bölməsi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətinə dair olub.

Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətinə toxunan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bölmənin müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndiyini, elektron hərəkatın geniş vüsət aldığını diqqətə çatdırıb. Bildirib ki, Humanitar Elmlər Bölməsinin fəaliyyəti ümumilikdə müstəqil dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik kimi milli ideyaları əhatə edir və bu ideoloji istiqamətində bölmənin əməkdaşları yorulmadan çalışırlar. Həmçinin bölmə əməkdaşlarının dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək yorulmaz fəaliyyət göstərdiklərini, görkəmli ədibə həsr olunmuş 10-dan çox kitabın ərsəyə gətirildiyini, X Bakı Beynəlxalq Kitab Sərgisində ictimaiyyətə təqdim edildiyini vurğulayıb.

Elmi nəşrlərə də toxunan akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Türkiyənin Dərgi Park elektron baza reyestrinə daxil edildiyini, hazırda bu siyahının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini söyləyib. Bundan əlavə, Akademiyada işıq üzü görən 31 jurnalın elektron bazasının yaradılması istiqamətində AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin tədbirlər gördüyünü bildirib. Qeyd edib ki, jurnalların elektron resurslarının zənginləşdirilməsi gələcəkdə həmin nəşrlərin beynəlxalq bazalarda xülasələndirilməsinə meydan açacaq.

Akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin 950 illiyi ilə əlaqədar Xalid Səid Xocayevin tərcüməsi əsasında AMEA-nın Dilçilik İnstitutu tərəfindən çap olunmuş lüğətin yeni nəşrinin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin Akademiyanın 80 illik tarixində nadir hadisələrdən biri olduğunu deyib.

İclasda çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Teymur Kərimli bölmə əməkdaşlarının 2024-cü ildə səmərəli fəaliyyət göstərdiklərini, “Yaşıl dünya naminə həmrəylik ili”, Məhəmməd Füzulinin 530 illiyi və dövlət başçısının digər sərəncamlarından irəli gələrək bir çox işlər gördüklərini vurğulayıb.

Daha sonra Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı bölmənin hesabatını təqdim edib. Diqqətə çatdırıb ki, 2024-cü ildə HEB-in elmi müəssisələrdə 34 problemə aid 71 mövzuya dair 437 tədqiqat işi, 104 mərhələ aparılıb, 11 mövzu, 259 iş, 100 mərhələ tamamlanıb.

Qeyd edib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 140 kitabı (7-si xaricdə), 60 monoqrafiyası (8-i xaricdə), 1828 məqaləsi (430-u xaricdə), 345 tezisi (157-si xaricdə), 11 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 20-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 384 istinad qeydə alınıb.

Vurğulanıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” və onunla səsləşən COP29-un çağırışlarını özünün prioritet istiqamətlərindən kimi müəyyənləşdirən Humanitar Elmlər Bölməsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik: COP29-un çağırışları və humanitar elmin vəzifələri”, “Klassik divan ədəbiyyatında bitki obrazı”, “Azərbaycan folklorunda təbiət kultu”, “Memarlıq və incəsənətdə yaşıl dünya” mövzusunda konfranslar, “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi təşkil edilib, “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” və “Ekolinqvistika: oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” kitabları çap olunub.

Məruzəçi, həmçinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”, “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” dövlət başçısının sərəncamları çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar 4 kitab çap olunub, 4 tədbir təşkil edilib, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı 11 kitab, 3 konfrans materialı və “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb, 2 beynəlxalq və 4 respublika konfransı, 1 simpozium, 1 konfrans və 1 tədbir keçirilib. Bundan əlavə, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar 2 kitab nəşr olunub, 4 tədbir təşkil edilib, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı isə 5 kitab çapdan çıxıb, 1 konqres, 1 respublika konfransı və 2 elmi sessiya keçirilib.

Qərbi Azərbaycana qayıdış çərçivəsində isə bölmənin əməkdaşları tərəfindən “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji lüğəti”, “Zəngəzur folklor örnəkləri. I kitab”, “Zəngəzur folklor örnəkləri. II kitab”, “Zəngəzur: tarixi məkan və milli yaddaş. Elmi araşdırmalar toplusu”, “Zəngəzur folkloru: milli-mədəni düşüncə və çağdaş elmi yanaşmalar. Elmi araşdırmalar toplusu”, “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər”, “Qərbi Azərbaycan folkloru. 3-cü kitab”, Qərbi Azərbaycan mətnlərinin yer aldığı “İbiş” və “Qaraçanta”, “Qərbi Azərbaycan toponimlərinin həqiqətləri. Məqalələr toplusu” və “Qərbi Azərbaycan toponimləri lüğəti” nəşr olunub, 2 respublika konfransı təşkil edilib.

Eyni zamanda Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin 950-ci ildönümü ilə əlaqədar UNESCO-nun Paris şəhərindəki mənzil-qərargahında akademik İsa Həbibbəylinin və Dilçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransın müstəqil bir bölməsində Azərbaycan Milli Elmlər Akademiyasında tapılmış və Xalid Səid Xocayevə aid olan latın əlifbası ilə Azərbaycan dilinə çevrilmiş nadir əlyazmanın nəşrinin təqdimatı təşkil olunub. Məruzəçi, həmçinin “Divanü lüğat-it türk” əsərinin 950 illiyi ilə əlaqədar görülmüş digər işləri də təqdim edib.

Bundan əlavə, məruzəçi AMEA-nın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının fəaliyyətinə də toxunub, professor Qəzənfər Paşayevin Rəyasət Heyətinin iclasında “Azərbaycan İraq-türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda elmi məruzəsinin dinlənildiyini, “İraq-türkman folklor mühitinin çağdaş durumu”, “Çağdaş türkman ədəbiyyatı” mövzusunda elmi seminarların keçirildiyini deyib, nəşrlər və s. haqqında məlumat verib.

Həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəriciləri təqdim edilib, kadr potensialı və kadr hazırlığı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər və s. barədə məlumatları diqqətə çatdırılıb.

Hesabat ətrafında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, bir sıra təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: