AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də AMEA-nın Naxçıvan Bölməsinin 2024-cü ildəki fəaliyyətinə dair olub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Naxçıvan Bölməsinin əməkdaşlarının Akademiya üzrə adambaşına düşən məqalə sayına görə ilk sırada qərarlaşdığını söyləyib.
Daha sonra hesabatı bölmənin sədri akademik İsmayıl Hacıyev təqdim edib. Qeyd olunub ki, hesabat ilində bölmədə Azərbaycan Respublikası Prezidentinin, AR Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məcli-sinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Fərman, Sərəncam, qərar və məktublarından irəli gələn vəzifələr icra edilib.
AMEA-nın Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi istiqamətində araşdırmalar aparılıb. Tədqiqatların 15 şöbə və 1 labоratоriyada 1 akademik, 2 müxbir üzv, 4 elmlər dоktоru, 17 fəlsəfə dоk-tоrunun iştirakı ilə 34 mərhələ üzrə aparıldığını deyən akademik İsmayıl Hacıyev 4 mühüm elmi nəticənin əldə olunduğunu söyləyib.
Akademik İsmayıl Hacıyev “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” sənədlərdən irəli gələrək görülmüş işləri təqdim edib.
Bildirib ki, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvan ədəbi mühiti” fundamental kitabı nəşrə hazırlanmış, 29 icmal və oçerk tərtib edilmişdir. Bölmə əməkdaşları tərəfindən “Taleyi və sənəti” seriyası üzrə “Hüseyn Razi: taleyi və sənəti” adlı növbəti – 18-ci seriyası və “Görkəmli Azərbaycan şairi M.Füzuli” məqalələr toplusu çap olunmuşdur.
2024-cü ildə bölmə əməkdaşlarının 10 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 207 elmi məqaləsi, 118 konfrans materialı və 4 tezisi olmaqla 348 elmi əsəri nəşr edilib. Əsərlərdən 35 məqalə, 19 konfrans materialı və 2 tezis (cəmi 56 əsər) xaricdə nəşr olunub. Bir elmi işçiyə düşən əsər sayı 10,2 olub. Məqalələrdən 6-sı Web of Science, 2-si Scopus, 1-i Ulakbim elmmetrik bazalarında olmaqla 15-i impakt faktorlu jurnalda çap edilib. Hesabat dövründə bölmə əməkdaşlarının əsərlərinə 4085 istinad qeydə alınıb.
Akademik İsmayıl Hacıyev, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər, eləcə də bölmənin saytının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.