AMEA-nın Rəyasət Heyətinin iclasında “Elm” nəşriyyatının 2024-cü ilə dair illik hesabatı dinlənilib. Hesabatı “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov təqdim edib.
O qeyd edib ki, “Elm” nəşriyyatı 2024-cü ildəki fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, eləcə də AMEA Rəyasət Heyətinin qərarlarını, AMEA prezidentinin sərəncamlarını əsas götürərək müvafiq işləri yerinə yetirib.
Bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm” nəşriyyatında “Azərbaycanın bitki örtüyü” monoqrafiyası, “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici, “Qlobal ekoloji problemlər”, “Ecoethics problems of Azerbaijan: scientific, legal, moral aspects” adlı kitabları, “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları və s. nəşr olunub.
Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar isə “Böyük Azərbaycan şairi Füzuli”, “Füzuli sənətkarlığı”, “Füzulinin ərəbcə poetik irsi” monoqrafiyaları, o cümlədən “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın tezisləri işıq üzü görüb.
Bundan əlavə, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından Azərbaycan elminin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi və müxbir üzvlərinin biblioqrafik göstəriciləri çap olunub.
Çoxcildlik əsərlərdən isə “Qərbi Azərbaycan folkloru. III cild”, “Cəmiyyətin sosial və mənəvi həyatındakı islahatların fəlsəfəsi (15-16 cild)” kitabları işıq üzü görüb.
Eyni zamanda “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə”, “Qasım Qasımzadənin yaradıcılıq yolu”, “Nəzəri-tənqidi fikrin poetikası”, “Mir Möhsün Nəvvab”, “Tarix danışan binalar” monoqrafiyaları, “Kitabi Dədə-Qorqud. Drezden, Vatikan və Günbəd nüsxələri”, “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı” və s. nəşrlər hesabat ilində “Elm” nəşriyyatında çap olunub.
Səbuhi Qəhrəmanov hesabat ilində Azərbaycan elmi cəmiyyəti üçün mühüm əhəmiyyəti olan, Web of Science, Scopus, Google Scholar, EBSCO, COPERNICUS, AGRIS, Asos index və b. beynəlxalq bazaların siyahısına daxil edilmiş “Azerbaijan Journal of Mathematics”, “Azerbaijan Chemical Journal”, “Filologiya və sənətşünaslıq”, “Həyat elmləri və biotibb” və digər elmi jurnalların da nəşriyyatda işıq üzü gördüyünü diqqətə çatdırıb.
Natiq “Elm” nəşriyyatının hesabat dövründə Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında, eləcə də X Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunduğunu, müəssisə əməkdaşlarının il ərzində bir sıra tədbirlərdə təltif edildiklərini söyləyib.
Nəşriyyatın 2024-cü ildə beynəlxalq əməkdaşlıq istiqamətində də fəliyyətini davam etdirdiyini söyləyən S.Qəhrəmanov Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurası, Avropa Elmi Redaktorlar Assosiasiyası, Nəşr Etikası Komitəsi (COPE), ABŞ-ın EBSCO məlumat bazası, o cümlədən AVES publishing, “Elsevier” nəşriyyatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb.
Bundan əlavə, akademik İsa Həbibbəylinin “Elm” nəşriyyatına göstərdiyi diqqət və qayğı sayəsində Akademiyada nəşriyyat fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırıldığını, nəşriyyatın maddi-texniki bazasının təkmilləşdirildiyini söyləyib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, bir sıra tapşırıqlarını verib.
Daha sonra “Elm” nəşriyyatının 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.