Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.01.2025 13:39
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Elmi şuranın 2025-ci ildə ilk iclası keçirilib

Biofizika İnstitutunda Elmi şuranın 2025-ci ildə ilk iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Elmi şuranın 2025-ci ildə ilk iclası keçirilib.

İclas institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə baş tutub. Tədbirdə 2025-ci ildə Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun qarşısında duran əsas vəzifələr müzakirə edilib. Çıxış zamanı qeyd edilib ki, tədqiqatların sayı və keyfiyyəti artırılmalı, həmçinin elmi məqalələrin beynəlxalq jurnallarda nəşrinə xüsusi diqqət yetirilməlidir.

Biofizika İnstitutunun Elmi şurasının 2025-ci il üçün iş planı müzakirə edilərək təsdiqlənib. İş planında institutun elmi və təşkilati fəaliyyətinin istiqamətləri, həmçinin qarşıda duran strateji hədəflər əks olunub.

İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyaların 2025-ci il üçün iş proqramları, elmi işçilərin fərdi iş planları müzakirə edilərək qəbul edilib. Elmi şura tərəfindən təsdiqlənən bu sənədlər laboratoriyaların fəaliyyətini daha səmərəli şəkildə təşkil etməyə yönəldilib.

2025-ci ildə keçiriləcək elmi seminarların planı Elmi şurada təsdiqlənib. Bu seminarlar institutun elmi əməkdaşlarının tədqiqatlarını təqdim etməsi və müzakirə aparması üçün vacib platforma rolunu oynayacaq.

Biofizika İnstitutunun GAMŞ-ın (Gənc Alim və Mütəxəssislər Şurası) elmi-ictimai fəaliyyətinin genişləndirilməsi ilə bağlı hazırlanan 2025-ci il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib. Tədbirlər Planı GAMŞ-ın institut daxilindəki və elmi ictimaiyyətdəki rolunu gücləndirmək məqsədini daşıyır.

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 10 yanvar 2025-ci il tarixli məktubu iclasda müzakirə olunub. Məktubda dissertasiya mövzularının müəyyən edilmiş tələblərə uyğun hazırlanmasının vacibliyi vurğulanıb və bu istiqamətdə müvafiq göstərişlər verilib.

Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Aytac Cavanşır qızı Məmmədovanın (Quliyeva) biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ərizəsi səsvermə yolu ilə təsdiqlənib.

İnstitutun gənc elmi işçisi Aytac Cavanşır qızı Məmmədova 2018-2024-cü illər ərzindəki elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə görə Biofizika İnstitutunun Fəxri diplomu ilə təltif olunub.

İclasın sonunda gündəlikdəki cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: