Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi elmi seminar keçirilib.
İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasa onlayn formatda hökumət qurumlarının – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Türkiyənin Tokat Qaziosmanpaşa Üniversiteti və İstanbul Ticarət Universitetinin, habelə ölkəmizin aparıcı ali məktəblərinin – Xankəndindən Qarabağ Dövlət Universitetinin, UNEC, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və s. əməkdaşları qatılıblar.
Seminarda İqtisadiyyat İnstitutunun İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin müdiri i.f.d., dosent Allahyar Muradov “Qiymətlərin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil və Azərbaycan üçün nəticələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bu tədqiqat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi əsasında prof. N.Müzəffərlinin rəhbərliyi ilə ETN İqtisadiyyat İnstitutunda yerinə yetirilib Tədqiqat dövlətin qiymətlərə müdaxilə səviyyəsinin ölçülməsi və müqayisəli təhlili üzrə ilk elmi əsərlərdən biridir. Belə ki, həmin ölçmələr 129 ölkə üzrə məhz İqtisadiyyat İnstitutun hazırladığı yeni metodologiya əsasında aparılıb. Azərbaycanda qiymətlərin tənzimlənməsi post-sovet respublikaların hamısından daha liberaldır. Tədqiqatın müəllifləri hesab edirlər ki, ölkəmizdə qiymətlərin liberallaşdırılması potensialı var və liberallaşma iqtisadiyyata müsbət təsir göstərər. Azərbaycan üçün dəyərləndirmədən ortaya gələn ümumi təəssürat belədir ki, yaxın və orta müddətli perspektivdə qiymətlərə birbaşa və dolayı müdaxilələrin azaldılması ölkədə aparılan iqtisadi siyasətin prioritetlərindən olmalıdır.
Son illərdə ekstremal iqtisadi və xüsusilə də siyasi şərtlər üzündən əksər ölkələrdə iqtisadiyyata, o cümlədən qiymətlərə müdaxilə kəskin surətdə artmış, Azərbaycanda isə əsasən sabit (dəyişməz) qalmışdır. Nəticədə həmin ölkələr dirijistlik üzrə sıralamada yuxarı qalxmışlar və onlarla müqayisədə indi Azərbaycanda qiymətlər daha liberaldır.
A.Muradov bildirib ki, tədqiqatda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi qeyri-səlis məntiq əsasında ölçülmüş və təhlil olunmuşdur. Ölçmələr iki formatda - birbaşa müdaxilələr üzrə və müdaxilənin ümumi səviyyəsi üzrə aparılmışdır. Bu əsasda iki yeni göstərici - Dövlətin qiymətlərə birbaşa müdaxiləsi indeksi və Dövlətin qiymətlərə müdaxiləsinin ümumi səviyyəsi indeksi hesablanmışdır. Tətbiq edilmiş metodoloji yanaşmalar hər iki halda orijinaldır və müəlliflər tərəfindən hazırlanmışdır. Alınmış nəticələr əsasında müvafiq reytinqlər tərtib edilmiş, qiymətlərə müdaxilənin sosial-iqtisadi təsirləri ayrıca araşdırılmışdır. Müəlliflər ümid edirlər ki, onların Azərbaycanda qiymətqoymanın müəyyən biçimdə liberallaşdırılması üzrə təklifləri dövlət qurumları tərəfindən qiymətlərin tənzimlənməsi ilə bağlı qərarların hazırlanmasında faydalı olacaqdır.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.