Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2025 10:05
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin xatirəsi anılıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin xatirəsi anılıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova akademik Cəlal Əliyevin həyat yolundan, elmi yaradıcılığından, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən söz açaraq, onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələrin dünyanın bir çox ölkələrində uğurla tətbiq olunduğunu vurğulayıb. Cəlal Əliyevin təşəbbüsü ilə ölkəmizdə biologiyanın yeni istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatika sahələrinin inkişaf etdiyini deyən məruzəçi alimin tələbələrinin bu gün dünyanın aparıcı universitetlərində çalışdıqlarını söyləyib. Onun rəhbərliyi ilə bu elmlərin güclü kadr bazası formalaşdırılıb. Məhz onun təşəbbüskarlığı nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həlli riyazi metodlardan, informasiya və kompüter texnologiyalarından istifadə etməklə mümkün olub. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında alimin misilsiz xidmətləri olub.

Sonra çıxış edən Modern Inkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva, alimin dostu Rizvan Vahabov və AMEA-nın müxbir üzvü İbrahim Əzizov akademik Cəlal Əliyevin mübarizələrlə zəngin, hamıya örnək ola biləcək bir ömür yaşadığını vurğulayaraq, onun təkcə alim kimi deyil, həm də bir insan, bir dost olaraq insanlığın zirvəsində dayandığını qeyd ediblər. Çıxış edənlər akademik Cəlal Əliyev Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, alimin əməyinin xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən bəhs edərək, elmə dəyərli töhfələr vermiş böyük alimin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.

Tədbirin sonunda akademik Cəlal Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: