Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı və institutun Həmkarlar Təşkilatının dəstəyi ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, gənc alim və mütəxəssisləri Gənclər günü münasibəti ilə təbrik edib və onlara gələcək elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclərin ölkəmizin inkişafındakı rolunu, o cümlədən, institutumuzun elmi ictimai fəaliyyətində iştirakını yüksək qiymətləndirən İ.Mustafayev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olduğunu və konstutusiyamızda gənclərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. Həmçinin GAMŞ-ın 2025-ci ildə fəaliyyət planının yerinə yetilməsinə dair təklif və tövsiyələrini verib.
Sonra institutun icraçı direktoru, fizika-riyaziyyat elmlər namizədi, dosent Rəvan Mehdiyeva çıxış edərək gəncləri təbrik edib:
“Ulu Öndər Heydər Əliyevin gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə fərman və sərəncamları bütün dünyaya nümunədir. Bu sərəncamlar həm də gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib”,- deyə R.Mehdiyeva bildirib.
Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyeva çıxış edərək GAMŞ-ın təşkilatçılığı ilə keçirilmiş tədbirlər barəsində məlumat verib və yeni yaradılan idarə heyətinə uğurlar arzulayıb.
İclasda 11 nəfərdən ibarət idarə heyəti yaradılıb. Səsvermə yolu ilə doktorant Əli Məmmədov RPİ Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinə sədr, Selcan Məmmədxanova müavin, Lamiyə Sadıqlı katib seçilib.
Sonda elmi və ictimai fəaliyyətinə görə Radiasiya Problemləri İnstitutunun gənc alim və mütəxəssisləri Selcan Hacıyeva, Xəyalə Orucova, Çiçək Abbasova fəxri fərman və pul mükafatı ilə təltif olunub. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlərdə fəal iştirakına görə məktəblilərə sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.