Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2025 09:20
  • A-
  • A
  • A+

Akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitututunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq, yubilyarı institutun kollektivi və çoxsayı professor-müəllim heyəti adından təbrik edib, ona elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Professor Misir Mərdanov akademik Yusif Məmmədovun zəngin elmi irsi və şəxsi keyfiyyətləri barədə söz açıb. Qeyd edib ki, Yusif Əbülfət oğlu Məmmədov 1950-ci il yanvarın 24-də Qərbi Azərbaycanın Sisiyan rayonunun Dəstəgird qəsəbəsində doğulub. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.

Alim 1971-1993-cü illərdə BDU-nun Riyazi-fizika tənlikləri kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2000-2006-cı illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, elmi işlər üzrə prorektoru olub. 2006-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləyib. 2016-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri olub. Hazırda Riyaziyyat və Mexanika İnstitutunda Differensial tənliklər şöbəsinin müdiridir.

O, 1974-cü ildə "Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi" mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru, 1990-cı ildə "Ümumi şəkilli adi diferensial  tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlər üçün çıxıqlar üsulunun əsaslandırılması" mövzusunda riyaziyyat üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 1991-ci ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini r.e.d, professor Ədalət Axundov alimin elmi və pedaqoji fəaliyyətindən söz açıb. Qeyd edib ki,Y.Məmmədov riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. O, adi diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq, normallıq şərtlərini tapıb, məxsusi ədədlərin paylanması, məxsusi elementlər üzrə çoxqat ayrılış düsturunu verib. Bundan başqa, birölçülü qarışıq məsələlərin korrektliyi üçün cəbri meyar tapıb, müstəvidə sonlu limit nöqtəsi olan məxsusi ədədlər çoxluğuna malik Sobolev-Qalpern tipli tənliklər üçün qarışıq məsələyə çıxıqlar üsulunun tətbiqini əsaslandırıb.

Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 3 elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur. O, çoxsaylı fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur.

Tədbirdə çıxış edənlər alimin yüksək insani keyfiyyətləri onun gənclərin elmə cəlb olunması, istedadlı kadr kimi yetişdirilməsində misilsiz xidmətlərindən və zəngin elmi məktəbindən bəhs ediblər.

Sonda çıxış edən akademik Yusif Məmmədov ona göstərdiyi diqqət və ehtirama görə Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyinə, tədbir təşkilatçılarına və iştirakçılara öz dərin minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: