AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Bakı Dövlət Universitetində “Kitabi-Dədə Qorqud” dastanının 1325 illiyinə həsr olunmuş “Dədə Qorqud - 1325” adlı beynəlxalq elmi konfransda iştirak ediblər.
Azərbaycan, Türkiyə, Tatarıstan və bir sıra ölkələrin alim və mütəxəssislərinin qatıldığı konfransda əməkdaşlarımız - böyük elmi işçi Rauf Şeyxzamanlı “Lütfəli bəy Azərin “Atəşkədə” təzkirəsinin əlyazma və çap nüsxələri”, baş mütəxəssis Zərifə Haqverdiyeva “Dədə Qorqud: türk dünyasında mədəniyyətin mirası və təfəkkürü”, elmi işçi Jalə Rüstəmova ““Xavərnamə” dastanının əlyazma nüsxələri”, kitabxana müdiri Briliant Hacıyeva “Abidələr möhtəşəmi - “Kitabi - Dədə Qorqud””, kiçik elmi işçilər Sevinc Muxtarova və Ramidə Abbasova müvafiq olaraq “Qərbi Azərbaycan: tarixi həqiqətlər” və “Qorqudşünaslığın əsasını qoyan alim”, redaktor Vəfa Şərifova ““Kitabi-Dədə Qorqud” dastanının tədqiqi və təbliği istiqamətində Heydər Əliyevin tarixi addımları”, böyük laborant Nəsibə Murtuzayeva “Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsində, dünyada geniş tanıdılmasında və təbliğindəki dövlət siyasəti”, laborant Aytən Musayeva “Dədə Qorqudun müasir cəmiyyətə mesajları” mövzularında məruzə edib, çıxışlarına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, Beynəlxalq elmi konfrans Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrası və həmin kafedranın nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.