Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan elmində Yaqub Mahmudov şəxsiyyəti
07.02.2025 11:45
  • A-
  • A
  • A+

Azərbaycan elmində Yaqub Mahmudov şəxsiyyəti

Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salsaq görərik ki, dövlətçilik, azərbaycançılıq, milli məfkurə uğrunda mübarizə aparan, milli dəyərləri üstün tutan, bu yolda inamla irəliləyən, xalqın mənəvi tərbiyəsində önəmli rol oynayan şəxsiyyətlər hər zaman aparıcı rola malik olmuşlar. Belə görkəmli şəxsiyyətlərdən biri ömrünün çoxunu Azərbaycan tarix elminin inkişafına həsr edən Yaqub Mikayıl oğlu Mahmudovdur. 1962-ci ildə o, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini əla qiymətlərlə bitirmiş və Tarix fakültəsi Elmi Şurasının xüsusi qərarı ilə aspiranturada saxlanılmışdır. Yaqub müəllim hələ sovet rejiminin hökmranlığı dövründə – 1966-cı ildə dövlətçilik tariximizə müraciət edərək, Azərbaycan Ağqoyunlu dövlətinin çoxsaylı Avropa və Asiya dövlətləri ilə geniş əlaqələr saxladığını sübuta yetirmişdir. O, tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarmışdır. Fundamental elmi əsərlərin müəllifi olan Yaqub Mahmudovun tarix elminin tədrisində də böyük xidmətləri var.

Elm və təhsil sahəsindəki uğurlu fəaliyyət, əldə edilmiş nailiyyətlər bu görkəmli şəxsiyyəti fərqləndirən cəhətlərdən biri olmuşdur. Bu səbəblə Ümummilli lider Heydər Əliyev demişdir: “Dediyim kimi, Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri böyük tarixçi, professor Yaqub Mahmudov – o indi buradadır – bu yaxınlarda həyatdan gedən Yaşar Qarayev, bir çox başqa alimlər Şəkinin yetirmələridir”. Bu, Azərbaycan elminə, mədəniyyətinə, tarixinə və Yaqub Mahmudov şəxsiyyətinə verilən yüksək qiymətin nəticəsidir.

Yaqub müəllim vaxtaşırı məktəblilərlə görüşüb azərbaycançılıq ideyalarını fəal təbliğ edir. Bu da məktəblilərin dünyagörüşünün formalaşmasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Onun ideya müəllifi olduğu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” lahiyəsi çərçivəsində Azərbaycanın dövlətçilik tarixi və tarixi şəxsiyyətləri layiqincə təbliğ edilmişdir. Ümumtəhsil məktəblərində Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Cahanşah, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və s. tarixi şəxsiyyətlər haqqında tarixçi alimlər tərəfindən məruzələr oxunmuşdur.

Yaqub müəllimin həmmüəllif və naşiri olduğu fundamental tədqiqatlar – “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabları Dövlət Mükafatına layiq görülüb. O, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın (2 cilddə) baş redaktoru və Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvüdür. 20 cildlik “Seçilmiş əsərləri” çapdan çıxıb. Əsərləri bir çox xarici ölkələrdə (Türkiyə, Pakistan, Rusiya, Böyük Britaniya, ABŞ, Qırğızıstan, Almaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Polşa, Ukrayna, İtaliya, Misir, Cənubi Koreya, İsveç və Meksika) nəşr olunub.

Azərbaycan Respublikasının “Şöhrət” (1999), “Şərəf” (2009) və 1-ci dərəcəli “Əmək” (2019) ordenlərinə layiq görülən akademik, eyni zamanda, bir sıra xarici ölkələrin mükafatları ilə təltif olunub. Yaqub müəllim AMEA ilə yanaşı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının və Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyasının da həqiqi üzvüdür. O, 2013-cü ildən etibarən isə Türk Tarix Qurumunun fəxri üzvüdür.

Yaqub Mahmudov bu gün də – yaşının müdrik çağında elmimiz üçün mühüm işlər görür. Yaqub müəllim, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik! Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirik! Yaqub müəllim, var olun!!!

Emin MƏLİKOV, Lənkəran Dövlət Universitetinin dosenti

Nazim XƏLİLOV, tədqiqatçı

Elnur NƏCİYEV, tarix üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: