AMEA-nın Şərqşünaslıq İnstitutunda “Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü fevralın 11-nin “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü olduğunu söyləyərək, bu günlə əlaqədar AMEA-da tədbirlərin həyata keçirildiyini qeyd edib və Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransın da bu tədbirlər sırasında xüsusi yeri olduğunu vurğulayıb. R.Cümşüdlü Azərbaycan qadınının cəmiyyətdə bütün sahələrdə uğurlar qazandıqlarını, elmdə də qadın alimlərimizin böyük nailiyyətlər əldə etdiklərini bildirib.
Konfrans iştirakçılarını, o cümlədən tədbirə qatılan AMEA-nın Qadınlar Şurasının və AMEA institutlarının Qadınlar təşkilatlarının rəhbər nümayəndələrini salamlayan Şərqşünaslıq İnstitutunun Qadınlar təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən elan edilən fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün qeyd olunmasının bu il ən çox STEM sahəsinə yönəldiyinə görə hazırkı konfransın da “Müasir cəmiyyətdə və elmdə qadınların rolu” adlandırıldığını bildirib. Bu günün qeyd olunmasının qadın və qızların elmi və texnoloji sahələrin inkişafında rolunun vacibliyini xatırlatdığını deyən X.Kərimova hal hazırda STEM-in dünya elminin və təhsilinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Daha sonra məruzələrə başlanılıb.
Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva “Azərbaycan qadınları müasir cəmiyyətimizin aparıcı qüvvələri kimi” mövzusunda məruzə edib. Cəmiyyətin inkişafında, yeni nəsillərin tərbiyəsində qadınların rolunun xüsusi vurğulanmalı olduğunu deyən S.Nuriyeva Azərbaycan qadınının tarixin bütün dönəmlərində taleyüklü məsələlərin həlli istiqamətində öz töhfələrini verdiyini bildirib. Müstəqillik dövründə gender məsələlərinin bütövlükdə milli ideologiya və dövlət siyasətində mühüm məsələyə çevrildiyini deyən məruzəçi, Azərbaycanın ictimai-siyasi həyatında azərbaycanlı qadınların son illər çox fəal iştirak etdiklərini vurğulayıb. Bu gün Azərbaycan qadınlarının elm və təhsildə yeni hədəflərə doğru irəlilədiyini söyləyən S.Nuriyeva bildirib ki, bu hədəflər sırasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması, sağlam və təhlükəsiz yaşamaq üçün imkanların genişləndirilməsi, dünya elminə daha geniş inteqrasiya, beynəlxalq elmmetriya reytinqlərində ölkələrin göstəricilərinin yüksəldilməsi və digər məsələlər xüsusi yer tutur.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə “Qadınların texnologiya və innovasiya sahəsinə töhfələri” mövzusunda məruz edib. Məruzəçi qadınların və qızların cəmiyyətdə, elm və texnologiyadakı rolunun vacibliyindən bəhs edərək, dövlətimiz tərəfindən bu istiqamətdə aparılan işlər haqqında ətraflı danışıb. L.Mikayılzadə qadınların texnologiya və innovasiyalar sahəsindəki əhəmiyyətli rolunu qeyd edib, günümüzdə yeni texnologiya və innovasiyalardan bir neçəsini örnək gətirərək bu sahədə yetərincə xanımların çalışdığını vurğulayıb. Məruzəçi həmçinin Azərbaycanda “FEMMES DIGITALES” klubunun İKT sahəsində dövlət və özəl sektorda çalışan Azərbaycan qadınlarını birləşdirmək, həmçinin onların bu sahədə təhsil almaları və karyera yüksəlişinin təmin edilməsi məqsədilə yaradıldığı haqqında da bəhs edib.
İnstitutun elmi işçisi Solmaz Namazova “Azərbaycan qadınlarının tibb elminə töhfələri: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Çıxışında, tibb sahəsində əhəmiyyətli uğurlar qazanmış Azərbaycan qadın alimlərinin fəaliyyətinə toxunan S.Namazova onların yerli və beynəlxalq elmi təşkilatlarda əldə etdikləri uğurları vurğulayıb.
Şərqşünaslıq İnstitutunun dissertantı Könül Şimiyeva “Müasir Azərbaycan qadınının təhsildə rolu” mövzusunda məruzəsində təhsil sahəsində böyük nailiyyətləri olan Azərbaycan qadınlarından bəhs edib.
İnstitutun böyük elmi işçısı, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova özünün yazdığı “Azərbaycan qadını” adlı şeiri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda çıxış edən AMEA-nın Qadınlar Şurasının sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli konfransın işini, eləcə də Şərqşünaslıq İnstitutunun qadın alimlərinin, Qadınlar Şurasının fəaliyyətini yüksək qiymətləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.