AMEA-nın Folklor İnstitutunda ictimaiyyətlə əlaqələr və elmi biliklərin populyarlaşdırılması, rəqəmsallaşma və elektron sənəd dövriyyəsi sistemindən istifadənin vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə institut rəhbərliyi, şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev çıxış edərək son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında aparılan çoxşaxəli islahatlar və yeniləşmə prosesi, rəqəmsallaşma və elektron hərəkat barədə danışıb. O qeyd edib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə elmi fəaliyyətin bütün istiqamətlərində, xüsusilə də humanitar və ictimai elmlər sahəsində dünyanın müasir çağırışları və ölkəmizin mədəni-mənəvi inkişafına yönələn mühüm tədbirlər həyata keçirilməkdədir. Natiq AMEA-da aparılan genişmiqyaslı islahatlar şəraitində, eləcə də rəqəmsal transformasiyaların getdiyi və süni intellekt texnologiyalarının geniş şəkildə tətbiq olunduğu hazırkı dövrdə Folklor İnstitutunun da qarşısında mühüm elmi və elmi-təşkilati vəzifələrin dayandığını xüsusi vurğulayıb. Qeyd olunub ki, idarəetmədə rəqəmsal texnologiyaların tətbiqi, eləcə də müəssisədaxili və müəssisədənkənar sənədləşmə proseslərinin elektron sənəd dövriyyəsi sistemi ilə aparılması günümüzün reallığıdır. Belə bir reallıq fəaliyyətimizin müxtəlif istiqamətlərini rəqəmsal platformaya uyğunlaşdırmağı və bütün əməkdaşların elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunmasını tələb edir.
Müşavirədə müzakirə olunan növbəti məsələ Folklor İnstitutunda ictimaiyyətlə əlaqələr və elmi biliklərin populyarlaşdırılmasının mövcud vəziyyətinə həsr olunub. Hikmət Quliyev vurğulayıb ki, institutda aparılan fundamental elmi tədqiqatların nəticələrinin ictimaiyyətə çatdırılması, xüsusilə də akademik elmi mühit üçün xarakterik olan elmi məsələlərin populyarlaşdırılması olduqca aktual məsələdir. O qeyd edib ki, folklor xalqın kollektiv düşüncə və biliyini, adət və ənənələrini, sosial psixologiyasını metaforik-simvolik şəkildə, yəni mətnaltı mənada özündə ehtiva etdiyindən bəzən kütləvi dinləyici və tamaşaçı üçün onun mahiyyəti tam şəkildə anlaşılmır. Odur ki, xalqın mədəni-mənəvi dəyərlərinin güzgüsü olan folklorun kütləvi informasiya vasitələrində, televiziya və radioda təqdimi folklorşünasların belə məsələlərə daha dəqiq və daha həssas yanaşmalarını zəruri edir.
Müşavirədə müzakirə olunan məsələlərlə bağlı AMEA-nın Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Afaq Ramazanova, şöbə müdirləri – professor Əfzələddin Əsgər, professor Seyfəddin Rzasoy, professor Füzuli Bayat, filologiya elmləri doktoru Mətanət Abbasova, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, Əli Şamil və digər əməkdaşlar fikirlərini bölüşüblər. Qeyd ediblər ki, müasir dövrdə elmi biliklərin geniş ictimaiyyətə çatdırılması üçün çoxsaylı informasiya kanalları, ənənəvi KİV-lə yanaşı, rəqəmsal platformalar mövcuddur. Odur ki, folklorumuzu, milli adət və ənənələrimizi qorumaq, milli-mənəvi dəyərlərimizi peşəkar şəkildə təbliğ etmək olduqca vacib məsələdir.
Tədbirdə ictimaiyyətlə əlaqələr və folklora dair elmi biliklərin populyarlaşdırılması çərçivəsində AMEA Folklor İnstitutunun rəsmi veb saytının – folklor.az-ın strukturunun təkmilləşdirilməsi məsələsi də müzakirə olunub. Qeyd olunub ki, veb saytın müasir dövrün tələblərinə uyğunlaşdırılması, yeni imkan və alətlərlə təmin edilməsi, həm məzmun, həm də dizayn baxımından zənginləşdirilməsinə ehtiyac vardır. Qərara alınıb ki, folklor.az-ın strukturunun təkmilləşdirilməsi üçün təkliflər toplanılsın və həmin təkliflər əsasında saytın yeni versiyası hazırlansın.
Müşavirənin sonunda bir sıra cari məsələlər müzakirə olunub, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.