Elm və Təhsil Nazirliyinin akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq Qapı” günü keçirilib.
Tədbirin ilk hissəsində kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova şagirdlərə institutun yaranma tarixi və burada fəaliyyət göstərmiş görkəmli Azərbaycan kimyaçılarının həyat və elmi fəaliyyətləri barədə ətraflı məlumat vermiş, həmçinin onları akademik Murtuza Nağıyevə həsr olunmuş muzeylə tanış etmişdir.
Sonra şagirdlər institutun müxtəlif laboratoriyalarına ekskursiya edib burada quraşdırılmış müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar. Kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova xromatoqrafiya üsulunun tətbiqi, bidistillə suyun alınması qurğusu və axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının keçirildiyi qurğularla şagirdləri tanış edib.
Tədbirin ən maraqlı anlarından biri “Analitik Kimya” laboratoriyasında yaşanıb. Kimya üzrə fəlsəfə doktoru Gülü Abbasova şagirdlərə əyləncəli və tədrisə uyğun təcrübələr nümayiş etdirib. Vulkan reaksiyası və fenolftalein ilə qələvi analizləri canlı olaraq şagirdlərə göstərilib.
Həmçinin şagirdlərə laboratoriya şəraitində baş verə bilən bəzi çətinliklər barədə məlumat verilib. Məsələn, sınan kolba və ya digər laboratoriya avadanlıqlarının qırılması və bunların təhlükəsiz şəkildə bərpası barədə praktiki izahlar verilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirərək, bu xüsusi günü unudulmaz anlarla başa vurublar. Tədbir şagirdlərin kimya sahəsində daha dərin biliklərə yiyələnmələri və elmi kəşflərə olan maraqlarının artması baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər gənc nəsil arasında elmə olan marağın artmasında mühüm rol oynayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.