Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan tarixində şərəfli xidmət nümunəsi
21.02.2025 11:05
  • A-
  • A
  • A+

Azərbaycan tarixində şərəfli xidmət nümunəsi

Birinci vitse-prezident Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban xanım Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmətlər təqdirəlayiqdir. Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin başlıca istiqaməti xalqın rifahına yönəlmişdir. "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahı istiqamətində quran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.

Azərbaycanın ən yeni tarixini yaradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ömür-gün yoldaşı, ən yaxın silahdaşı olan Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Mehriban xanım Əliyeva illər öncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilərkən: "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz", - deyərək, yardımsevər fəaliyyəti ilə ona etimad edənlərin ümidlərini gerçəkləşdirdi.

Tarixi həqiqətdir ki, Vətənə, xalqa, dövlətə xidməti, xeyirxahlığı həyat amalına çevirən Mehriban xanım Əliyevanın mənəvi şəxsi keyfiyyətləri gələcək nəsillər üçün nümunəyə çevrilərək Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin lider portretini uğurla tamamlayır.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərib, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edib. 

Prezident İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başladığı ilk gündən hərbçilərin, zabitlərin, şəhid analarının, övladlarının, aztəminatlı ailələrin, gözü yolda qalan anaların yanında olmaqla, hərbçilərlə görüşdən sonra göz yaşlarına hakim ola bilməməsi onun qəlbinin saflığından xəbər verir. Mehriban xanım Əliyeva Azərbaycan ordusuna həm ruhən, həm də mənən xidmət etmişdir. Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmişdir. 

Humanistliyi həyat amalına çevirən, xalqı üçün çalışan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xoş məramları və əməlləri hər zaman gənclərə nümunədir.

Sonda onu bildirmək istəyirəm ki, Mehriban xanım xeyriyyəçi işləri görən, ölkənin inkişafına öz layiqli töhfələrini verən ictimai xadim kimi tarixdə qalacaq.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: