Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin IV kurs tələbələrinin folklor elmi-tədqiqat təcrübəsinə başlaması ilə əlaqədar AMEA Folklor İnstitutunda görüş keçirilib. Görüşdə Universitetin tələbələri ilə bərabər, filologiya fakültəsinin müəllimləri – dosent Ədibə Məmmədova, dosent Ramidə Mirzəfərova, Səbinə Ağababayeva və Gülarə Süleymanova iştirak ediblər.
Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev Bakı Slavyan Universitetinin müəllim və tələbələrini salamlayaraq institutun fəaliyyət istiqamətləri, elmi-tədqiqat və toplama sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə geniş məlumat verib. O qeyd edib ki, müasir dövrdə dünyada bütün elm sahələrində olduğu kimi, folklorşünaslıqda da yeni baxışlar meydana gəlməkdə, filoloji mərkəzli yanaşmalardan sosial-antropoloji təhlillərə doğru keçidlər baş verməkdədir. Hazırda Folklor İnstitutunda bir tərəfdən ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin tələblərinə, digər tərəfdən isə dünyada meydana gələn qabaqcıl elmi istiqamətlərə uyğun araşdırmalar həyata keçirilir.
Daha sonra təcrübəçi tələbələrin təhkim olunduğu Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Leyla Məmmədova çıxış edərək bildirib ki, tələbələr üç ay müddətində sözügedən şöbədə təcrübə keçərək elmi və praktiki biliklərini artıracaqlar.
Görüş zamanı tələbələri maraqlandıran mövzular, o cümlədən folklorun toplanılması, akademik prinsiplər əsasında araşdırılması məsələləri müzakirə olunub, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.