Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2025 14:36
  • A-
  • A
  • A+

Xocalı faciəsi tariximizin qan yaddaşıdır

Xocalı faciəsi tariximizin qan yaddaşıdır

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Xocalı soyqırımının 33-cü ilodönümü ilə bağlı anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, 33 illiyini keçirdiyimiz Xocalı soyqırımı Azərbaycan xalqının erməni faşizmi tərəfindən məruz qaldığı ən acı xatirədir. 1992-ci ilin fevralın 26-na keçən gecə ermənilər Xocalı şəhərini hər tərəfdən mühasirəyə alaraq əhaliyə misli görünməyən divan tutublar. Azərbaycan tarixinə Xocalı soyqırımı kimi yazılan bu faciə yüzlərlə insanın məhv edilməsi, əsir götürülməsi, şəhərin yerlə-yeksan olunması ilə nəticələnib.

Xocalıda təkcə insanlara qarşı amansızlıq göstərilməyib. Bununla yanaşı, şəhərin orta əsrlərə aid memarlıq abidələri, ümumiyyətlə bütün mədəni irsi məhv edilib. Bir sıra dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar nəinki Azərbaycan xalqına, həmçinin bəşəriyyətə qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pisləyirlər.

Sonra Musiqi nəzəriyyəsi və tarixi şöbəsinin kiçik elmi işçisi Əminə Məmmədova “Soyqırım mövzusu bəstəkar yaradıcılığında” adlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, bəstəkarlar da Xocalı soyqırımına biganə qalmayıblar. Bu mövzuda müxtəlif janrlarda çoxlu sayda musiqi əsəri bəstələnib. Bu ümumxalq faciəni qəlbində daşıyan bəstəkarlarımız öz daxili emosiyalarını musiqi ilə ifadə edib. Xocalı faciəsi Azərbaycan bəstəkarları ilə yanaşı, xarici ölkə bəstəkarlarının da diqqətindən kənarda qalmayıb. Məruzəçi bu dəhşətli soyqırıma həsr olunan rus və fransız bəstəkarlarının əsərlərindən də bəhs edib. Çıxışının sonunda bəstəkar Mobil Babayevin “Ağlama torpağım, ağlama” oratoriyası, rus bəstəkarı Aleksandr Çaykovskinin “Xocalı” rekviyemi, fransız bəstəkarı Pier Tilloyun “Xocalı-613” kvarteti səslənib.

Daha sonra memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Oksana Məmmədova “Bakının Zəfər tağı-gələcəyə nəğmədir” adlı məruzəsini təqdim edib. Məruzəçi qeyd edib ki, xalqımızın qəhrəmanlıq simvolu olan Zəfər tağı qalibiyyətimizin memarlıq təcəssümüdür. Bu memarlıq kompleksi xalqımızın həmrəyliyi və qələbə əzmini büruzə verir.

Bu möhtəşəm kompleks eyni zamanda xalqımızın həmrəylik, güc və qələbə ideallarını təcəssüm etdirir. Bu cür yüksək ideallara, dəyərlərə söykənən xalqın və onun liderinin yolu bir gün məhz Zəfər Tağından keçməliydi. Ucalığı, əzəməti, daşıdığı anlamı ilə seçilən Zəfər tağı həqiqətən də əsl Zəfər simvoludur. Zəfər tağı Azərbaycanın apardığı azadlıq mübarizəsinin rəmzidir, qalibiyyət və tərəqqi dövrünə açılan qapısıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: