Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1994-cü il tarixində “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımı haqqında Azərbaycan xalqına müraciətində qeyd edirdi: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
1992-ci il fevralın 26-da Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar.
Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Ermənilərin fikri özlərinə getməsin. Onlar, bəlkə də, öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”. Milli ideyaya, güclü siyasi iradəyə əsaslanan bu fikir 2020-ci ilin sentyabrında real həyatda da öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Haqq-ədalət bərpa olundu.
Prezident İlham Əliyev isə Xocalı faciəsilə bağlı fikirlərini bir daha açıqladı: “Ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu qanlı cinayət siyasi-hüquqi qiymətini almış, onun dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər görülmüşdür”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli fəaliyyət göstərməkdədir. “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı olmaqla, Heydər Əliyev məktəbinin yetirməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva siyasi fəaliyyəti ilə müstəqil Azərbaycanın çırpınan ürəyi kimi dünyanın ən mötəbər tribunalarından beynəlxalq terrora “Yox!” deyərək, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri, terror dəstələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımına dair həqiqətlər haqqında dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuş və davamlı tədbirlər keçirmiş, haqqın yer üzündə bərqərar olması üçün hamını birliyə səsləmişdir.
Prezident İlham Əliyev vurğulayırdı: “Bizim əzəli torpağımız olan Qarabağ bu gün siyasi və hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.
Dövlət başçısı demişdir: “Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində dağıdılmış Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.
Xocalı şəhəri 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla hər bir vətənpərvər Azərbaycan gəncinin arzusunu reallaşdırdı. 2024-cü ildə Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi: “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir”.
Və bu il fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşüb, səmimi söhbətləri bunun əyani sübutudur.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.