Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
Kitabxana rəhbərliyi ilə görüşən millət vəkili özünün də müəllifi olduğu 13 ədəd kitabı Mərkəzi Elmi Kitabxananın fonduna hədiyyə edib. Bu nəşrlər arasında “Xalqdan yana”, “Hər yürüyən yolçudurmu?”, “Səsimizi batıran küyümüz”, “Azərbaycanda türk kimliyi və saxta tarix problemi”, “Bütöv Azərbaycan axtarışı”, “Düşünənlər və düşündürənlər” və digər əsərlər yer alıb.
Görüş zamanı MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib. 100 illik yubileyi ərəfəsində dövlətin dəstəyi nəticəsində ənənəvi kitabxanaçılıqdan daha geniş xidmətlər təqdim etdiyini, dünyada sürətlə gedən informasiyalaşdırma proseslərinə uyğunlaşaraq keyfiyyətcə yeniləndiyini, kitabxana xidmətində müasir informasiya texnologiyasının tətbiq olunduğunu vurğulayıb.
Fazil Mustafa müasir elektron kitabxanaların cəmiyyət üçün vacibliyini qeyd edərək, onların bilik əldə etmək və yaymaq baxımından əhəmiyyətini vurğulayıb. Elektron resursların əlçatanlığı sayəsində istənilən mövzu üzrə informasiya əldə etməyin asanlaşdığını və bunun da elmə, təhsilə müsbət təsir göstərdiyini bildirib. Millət vəkili kreativ və həqiqətən kitaba bağlı insanlarla təmsil olunan modern elektron kitabxana mühitini çox bəyəndiyini, olduqca maraqlı yeniliklərin olduğunu qeyd edib.
Görüş zamanı kitabxana rəhbəri də MEK-in tərtibatında mütəmadi olaraq metodik vəsaitlərin, biblioqrafik göstəricilərin çap olunduğunu bildirib və onlardan ən yenilərini qonağa hədiyyə edib.
Qeyd edək ki, tezliklə sözügedən nəşrlər elektron formatda da oxuculara təqdim ediləcək. İstifadəçilər MEK-in bu və digər elektron resursları ilə tanış olmaq üçün kitabxananın rəsmi saytının E-xidmətlər bölməsinə daxil ola bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.