Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Azərbaycan ISSN (International Standard Serial Number – Beynəlxalq Standart Seriya Nömrəsi) Milli Mərkəzinin rəsmi əlaqələndiricisi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Dr. Xəyalə Məmmədova, sədrin müavini Pərvanə Xıdırova ilə ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə arasında görüş keçirilib.
Görüşdə əsas məqsəd Əqli Mülkiyyət Agentliyi ilə rəsmi əməkdaşlıq edən Azərbaycan ISSN Milli Mərkəzinin Geologiya və Geofizika İnstitutu tərəfindən təsis olunmuş “Stratiqrafiya, sedimentologiyası, geokimya” adlı beynəlxalq elmi jurnalı ISSN nömrələri (çap və elektron) sertifikatının təqdim edilməsi olub.
Görüş zamanı sözügedən elmi jurnalın baş redaktorunun müavini, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Azərbaycanda nəşr olunan elmi jurnalların beynəlxalq indeksləşmə sistemlərinə daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.
Sertifikatın təqdimatından sonra Dr. Xəyalə Məmmədova qeyd edib ki, institutumuzun təsis etdiyi jurnalın ISSN nömrələri ilə təmin edilməsi, gələcəkdə nüfuzlu elmi bazalara daxil edilməsi, institutun tədqiqatçı-alim heyətinin beynəlxalq arenada yeni tədqiqat işlərinə qədəm qoymasına yol açacaq. X.Məmmədova onu da əlavə edib ki, belə əhəmiyyətli elmi jurnalların daha da inkişafı üçün Azərbaycan ISSN Milli Mərkəzi tərəfindən göstərilən dəstək həm də dövri-elmi jurnalların rəqəmsal mühitdə mövcudluğunun təkmilləşdirilməsinə töhfə verir. Qonaq, həmçinin vurğulayıb ki, dövri elmi jurnalların məhsuldarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işləri bundan sonra da davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.