Elmin və biliklərin toplandığı, tədqiqatçıların və alimlərin ilham mənbəyi olan kitabxanalar cəmiyyətin intellektual inkişafında mühüm rol oynayır. AMEA-nın Mərkəzi Elmi Kitabxanası da Azərbaycan elmi ictimaiyyətinin mühüm dayaqlarından biridir. Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxananın fəaliyyəti, elmi araşdırmalara verdiyi töhfələrlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Hüseyn müəllim, Mərkəzi Elmi Kitabxanada qədim kitablar necə qorunur? Kitabxana istifadəçiləri ən çox hansı növ resurslardan faydalanırlar?
- Əvvəlcə istərdim ki, kitabxananın tarixi haqqında qısaca məlumat verim. Sizinlə görüşümüz çox əlamətdar bir tarixə təsadüf edir. Belə ki, Azərbaycanın ən zəngin və nüfuzlu kitabxanalarından biri olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bu il 100 yaşı tamam olur. Kitabxananın əsası 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində toplanmış görkəmli ziyalıların təşəbbüsü ilə biblioqrafiya bürosu kimi qoyulub və 1925-ci ildən Kitabxana-biblioqrafiya bürosuna çevrilib. MEK müxtəlif elm sahələri üzrə zəngin elmi resurslara malikdir. İstifadəçilərimiz arasında ən çox tələbat duyulan resurslar arasında elmi kitablar, akademik jurnallar və elektron məlumat bazaları xüsusi yer tutur. Son illərdə elektron resurslara olan maraq əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya, xüsusilə tədqiqatçıların və alimlərin müasir elmi məlumatlara sürətli və asan çıxış ehtiyacından irəli gəlir. MEK olaraq, biz də bu tələbatı qarşılamaq üçün dünyanın aparıcı məlumat şirkətləri ilə əməkdaşlıq qurmuşuq. 46 ölkənin 127 təşkilatı və 80 elmi jurnalı ilə uğurlu əməkdaşlığımız mövcuddur. Bu əməkdaşlıqlar çərçivəsində oxucularımıza geniş elektron resurslar da təqdim edirik. 2024-cü il sentyabr ayının 25-də MEK-in yeni veb-saytı və zənginləşdirilmiş elektron kitabxanası ictimaiyyətin istifadəsinə verildi, bununla əlaqədar Mərkəzi Elmi Kitabxanada “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirildi. Kitabxana istifadəçilərinin tələblərinə uyğun hazırlanan həmin veb-saytda məlumatlar sadə və əlçatan formada oxuculara təqdim edilir, elektron kitabxana 24 saat ərzində dünyanın istənilən nöqtəsində oxucuya eyni vaxtda informasiya xidməti göstərir. İstifadəçilər MEK-in rəsmi saytı vasitəsilə dünyanın 85-dən artıq kitabxanasının veb-portalına daxil ola bilirlər.
- Mərkəzi Elmi Kitabxanada hansı qədim və nadir kitablar mövcuddur?
- MEK-in Nadir kitablar fondunda çoxsaylı qiymətli əsərlər xüsusi meyarlar əsasında toplanıb. Bu fonda daxil olan kitablar nəfis tərtibatı, nəşr tarixi, ölçüləri və ən əsası region və ölkə əhəmiyyətinə görə seçilir. Fondun ən qədim kitabları XVI əsrə aiddir. Azərbaycan kitabxanaları içərisində XVI əsrə aid ən qədim nəşr məhz burada qorunur. Sözügedən kitab 1502-ci ildə çap olunmuş Vallendorflu Virgilinin "Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət Heptalogiya" adlı monoqrafiyasıdır. Bundan əlavə, fondun ən nəfis tərtibatlı kitabları arasında üz qabığı firuzə qaşlarla bəzədilmiş, kənarları qızıl suyuna salınmış, dəridən hazırlanmış nadir nüsxələr mövcuddur.
Fondun ən iri ölçülü kitabı Edvard Stebbinqin 1893-cü ildə Londonda nəşr olunmuş “Ərdəbil məscidinin müqəddəs xalçaları” (“The Holy Carpet of the Mosque at Ardebil”) əsəridir. Bu kitabın ölçüləri 54 x 64 santimetr təşkil edir. Ən kiçik ölçülü miniatür kitab isə 1967-ci ilə aiddir, Yanka Kupalanın “Şeirlər” kitabıdır, onun ölçüləri isə 3.5 x 4.5 santimetrdir.
Qədim və nadir kitablar xüsusi şəraitdə, turşusuz kartondan düzəldilmiş mikroiqlimli qutularda, yəni konteynerlərdə saxlanılır. Fondda geniş formatda bütün elm sahələrini əhatə edən universal ensiklopediyalar mövcuddur ki, bunlar alimlər və tədqiqatçılar üçün dəyərli mənbələr hesab olunur.
Qeyd edim ki, nadir kitabları fonddan kənara aparmaq, sürətini çıxarmaq və üzərinə işıq salmaq qəti qadağandır. Digər fondlardan fərqli olaraq bu fondun özünəməxsus oxu zalı mövcuddur və araşdırmaçılar burada qaydalara uyğun şəkildə son dərəcə ehtiyatla davranmalıdırlar.
- Nadir kitabların qorunması və bərpası necə həyata keçirilir?
- Qədim kitabların qorunması yalnız fiziki materialların saxlanılması deyil, eyni zamanda, milli-mənəvi irsin mühafizəsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. MEK-in əsas prioritet fəaliyyət sahələrindən biri də məhz bu prosesdir. Qeyd edim ki, nadir kitabların bərpasına ehtiyac yarandıqda, həmin zədələnmiş kitabların bərpası yalnız peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.
- Kitabxanada qədim kitabların tədqiqi və araşdırılması üçün hansı imkanlar mövcuddur?
- MEK tədqiqatçılar və alimlər üçün geniş imkanlar təqdim edir. Zamanla inkişaf edərək təkmilləşən kitabxanamızın zəngin fondunda hazırda dünya xalqlarının 50-dən çox dilində (əsasən Azərbaycan, ərəb, fars, ingilis, rus) 1 milyon 500 minə yaxın nəşr mövcuddur. Tədqiqatçılar bu dəyərli resurslardan istifadə edərək elmi araşdırmalar aparmaq imkanı əldə edirlər.
Bundan əlavə, kitabxanamız müasir texnologiyalarla təchiz edilmiş oxu zalları ilə təmin olunub ki, bu da alimlərə rahat və effektiv çalışma mühiti yaradır. Qədim kitabların tədqiqi və araşdırılması üçün kitabxanamızda xüsusi şərait yaradılıb, nadir nəşrlərin qorunması və öyrənilməsi üçün müasir metodlar tətbiq edilib.
- Kitabxanada keçirilən xüsusi tədbirlər və sərgilər haqqında məlumat verə bilərsinizmi?
- MEK mütəmadi olaraq müxtəlif elmi və mədəni tədbirlər, sərgilər təşkil edir. Kitabxanamızın "Şuşa zalı" ölkə və beynəlxalq miqyasda tədbirlərə, elm xadimləri və yazıçılarla görüşlərə, yubileylərə, konfranslara və elmi araşdırmaların, yazılmış kitabların təqdimatlarına ev sahibliyi edir. Bundan əlavə, "Sərgi zalı"nda Prezident İlham Əliyevin sərəncamlarına əsasən, AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq ilboyu sərgilər, yeni daxil olan ədəbiyyatların sərgiləri, görkəmli şəxsiyyətlərin yubileyləri və əlamətdar tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil olunur. Məsələn, keçən il Nobel mükafatı laureatı Əziz Səncərin Mərkəzi Elmi Kitabxanaya səfəri zamanı, alimin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi də təşkil edilmişdi.
Kitabxana yalnız sərgi salonunda sərgilər təşkil etməklə kifayətlənmir. Bir sıra dövlət tədbirlərində, mədəniyyət festivallarında, elmi konfranslarda və ictimai layihələrdə də fəal iştirak edir, eləcə də həmin tədbirlərdə kitab sərgiləri keçirir. Məsələn, keçən il MEK “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramında uğurla təmsil olundu və kitab sərgisi keçirdi.
Cəmiyyətin maarifləndirilməsinə və mədəni inkişafına da töhfə verən kitabxana elektron resurslar vasitəsilə geniş auditoriyaya onlayn xidmət də göstərir. Virtual sərgilər təşkil edilir və elektron kitabxanaya yerləşdirilir.
Bir məlumatı da qeyd edim ki, Mərkəzi Elmi Kitabxana təkcə kitab sərgiləri təşkil etmir. Kitabxana həm də 2024-cü ildə işğaldan azad olunmuş torpaqlarda yeni yaranmış məktəb kitabxanalarına, o cümlədən Zəngilan rayonunun Ağalı kənd kitabxanasına, Şuşa şəhər 1 nömrəli məktəbin kitabxanasına nəşrlər təqdim edib. İşğaldan azad olunmuş torpaqlarda yeni qurulan kitabxanalara dəstək məqsədilə nəşrlərin göndərilməsi davam etdirilir.
Əməkdaşlarımız işin keyfiyyətini yüksəltmək, daha çox oxucu kontingentinə xidmət etmək üçün bir sıra təlimlərə qoşularaq kitabxana biliklərini artırırlar. 100 yaşlı kitabxanamız oxuculara günün tələblərinə uyğun xidmət göstərmək üçün bundan sonra da fəaliyyətini daim təkmilləşdirəcək.