Ana Qanunumuzun hər maddəsi Ulu Öndərin amalının inikasıdır
Azərbaycan Respublikasında Konstitusiya, demokratik prinsiplər və insan haqları digər ölkələrlə müqayisədə fərqli bir istiqamətdədir. Fərqi ondadır ki, Konstitusiyada Azərbaycan xalqının və burada yaşayan azsaylı xalqların adət və ənənələri, milli-mənəvi dəyərləri nəzərə alınmış, ən əsası isə etik normalara riayət olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasının hər bir maddəsi və bəndi etik normaların göstəricisidir. Həm Konstitusiyada və həm də Ulu Öndərin çıxışlarında dövlətçiliklə yanaşı, demokratik prinsiplər, insan azadlığı və bunların funksiyaları təsbit olunmuşdur. Heydər Əliyevin müdrik kəlamlarında əsas məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və qanunlara əməl etməli, dövlət və ictimaiyyət qarşısında öhdəlikləri layiqincə yerinə yetirməli, milli-mənəvi dəyərləri qorumalı, ən əsası isə dövlətin quruculuq siyasətində fəal iştirak etməlidir.
Müstəqil dövlətimizin tarixinə nəzər saldıqda konstitusiya, demokratiya və insan haqlarında etik normalara diqqət etmək hüquqi, ictimai-siyasi və fəlsəfi aspektdə təhlillər aparmaq olduqca zəruridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra konstitusiyada, insan haqlarında və digər məsələlərdə insanların rifahı və gələcəyi naminə bir sıra əlavələr və dəyişikliklər olunmaqla yanaşı, həm də etik norma və dəyərlərə daha çox yer verildi. Səbəbi odur ki, Azərbaycan tarixən təkcə güclü dövlətçilik, demokratik və hüquqi prinsipləri ilə deyil, həm də bütün hallarda etik normaları qoruyan, bunlara əməl edən, ümumbəşəri və milli dəyərlərə söykənən və dövlətçilik ənənələrini qoruyan fədakar bir millət kimi tarixdə iz qoymuşdur. Bütün bu müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında, demokratik prinsiplərində və insan azadlıqlarında öz əksini tapmışdır.
Ulu Öndər Konstitusiyanın yaranmasında tarixi keçmişimizlə yanaşı, həm də dünya dövlətlərinin demokratik və hüquqi prinsiplərinə diqqət etməyi və yeri gələndə bunlardan bəhrələnməyi təkidlə bildirirdi: "Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi naliyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik".
Konstitusiya - Əsas Qanun ölkədə sabitliyi və suverenliyi təmin etməklə yanaşı, həm də etik normalara riayət etməli və bütün vəziyyətlərdə bu normaların aliliyini qorumalıdır. Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Suverenliyi, Azərbaycan Dövlətinin Demokratik Prinsipləri, İnsan Haqları və burada olan müddəalar həm bu günümüzlə, həm də gələcəyimiz ilə sıx bağlıdır. Dövlətimizin əsas simvollarından olan bu dörd kateqoriyanın daha dərindən öyrənilməsi həm bugünümüz, gələcəyimiz, gəncliyimiz, həm də vətənimizin qorunması üçün əsas şərtlərdən biridir. Çünki hər bir insan Konstitusiya və qanunlara əməl etməli, ondan irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməli, həmçinin demokratik prinsipləri qorumalı və insan haqlarının yerinə yetirilməsində fəal iştirak etməlidir.
Konstitusiya, suverenlik, demokratiya və insan haqlarında əsas müddəalara gəlincə isə qeyd etməliyik ki, Azərbaycan özünün çoxəsrlik dövlətçilik ənənələrini və tarixi faktlarını, həmçinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olması və keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək maddələr təsbit etmişdir. Biz buna Konstitusiya deyirik. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: "Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir". Belə bir şəraitdə, yəni ölkəmizin yenicə müharibə şəraitindən çıxdığı bir dövrdə hər bir vətəndaşın ən mühüm vəzifəsi Konstitusiyanı daha dərindən öyrənmək və onun müddəalarına ciddi əməl etməkdir.
Azərbaycanın ilk demokratik Konstitusiyası xalqın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin etmiş və gələcək nəsillərə sivilizasiyalı, yüksəksəviyyəli dünya demokratiyasında özünəməxsus yeri olan müstəqil Azərbaycan dövlətini miras qoymuşdur. Bu Konstitusiyanın hər bir maddəsi və bəndi Azərbaycan xalqının adət-ənənəsini, onun keçdiyi tarixi sınaqları və ən əsası etik dəyərləri göstərir. Konstitusiyada Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaranması üçün bütün təminatların mövcud olduğu göstərilir.
Heydər Əliyev Konstitusiyada təsbit olunmuş maddələri dərindən öyrənməyi tövsiyə edirdi. Çünki Ulu Öndərin nəzərində Konstitusiya xalqa məxsusdur və hər bir insan ondan irəli gələn müddəaları bilməli və qanun çərçivəsində bəhrələnməlidir. Azərbaycan müstəqil bir dövlət olduqdan sonra hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf etdirməyə başladı. Məhz buna görə də Ulu Öndər müstəqil Azərbaycan dövlətinin inkişafını əbədi hesab etməklə yanaşı, həm də demokratiya yolu ilə irəliləyişinin dönməz olduğunu bildirir: "Dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir. Azərbaycanın müstəqillik, demokratiya yolu ilə inkişafı dönməzdir". Digər bir çıxışında isə dövlət müstəqilliyimizin və suverenliyimizin mövcudluğunu igid, cəsur xalqımızın mübarizəsi ilə əlaqələndirir: "Azərbaycanın mərd, igid oğulları, vətənpərvər insanları, respublikamızın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumuş, qoruyub saxlamaq üçün mübarizə etmiş və canlarını qurban vermişlər".
Ulu Öndərin fikirlərini təhlil etdikdə məlum olur ki, demokratiya dedikdə təkcə insan haqları, siyasi plüralizm, söz, vicdan azadlığı və digər məsələlər nəzərdə tutulmur. Demokratiya həm də daha geniş bir məna kəsb edir. Çünki demokratiya hər bir millətin milli-mənəvi dəyərlərinə, mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir və təbii ki, bu prosesdə etik normalar da özünü göstərir. Məhz buna görə Ulu Öndər hər bir nitqində milli və mənəvi dəyərləri önə çəkir və çalışırdı ki, hər bir vətəndaşa əsil demokratiyanın mənasını anlatsın: "Elə etmək lazımdır ki, ayrı-ayrı adamlar demokratiyadan istifadə edərək, öz şəxsi məqsədlərinə nail olmasınlar. Buna yol vermək olmaz. Ona gərə də bu işlərə çox diqqətlə yanaşmaq lazımdır". Digər nitqində isə demokratiyanı özbaşınalıq və hərc-mərclik deyil, insanların bir-birlərinə olan hörməti və sayğısı kimi dəyərləndirirdi: "Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır".
Ulu Öndər demokratiyanı etik, əxlaqi və mənəvi bir dəyər hesab etməklə yanaşı, həm də yüksək mədəniyyət hesab edirdi. Belə bir yüksək mədəniyyətə sahib olmaq üçün islam dininin ayinlərinə diqqət etmək, mənəvi dəyərlərə yiyələnməyi zəruri sayırdı: "Demokratiya yüksək mədəniyyət deməkdir. Demokratiya yüksək mənəviyyat deməkdir. Bu yüksək mənəviyyatı, yüksək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında yaratmaq üçün, gənc nəsli bu əsaslarda tərbiyələndirmək üçün islam dininin mənəvi dəyərləri çox gərəkdir". Dövlətin hüquqi statusuna gəldikdə isə qeyd etməliyik ki, dövlət hüquqi statusa, yəni müstəqil səlahiyyətə malikdir. İnsanlar dövlətin müəyyənləşdirdiyi vəzifələri yerinə yetirir və ictimaiyyət dövlətin əsas hissəsi hesab olunur.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş maddələrdən biri də insan haqlarıdır. Ana Qanunumuzda bildirilir ki, dövlətin ali məqsədi insan-vətəndaş hüquqlarını qorumaq və təmin etməkdir. Konstitusiyada bu müddəaların yerinə yetirilməsi dövlətin vəzifəsi və ali məqsədi hesab olunur: "Hər kəsin azadlıq hüququ vardır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir". Azərbaycan dövləti insan hüquqlarının qorunmasına xüsusi diqqət göstərmiş və bundan irəli gələn məsələləri yerindəcə həll etmişdir: "İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir".
Dövlət suvernliyinin və Konstitusiyanın əsas meyarlarından biri də digər ölkələrlə müqayisədə Azərbaycanda cəza tədbirlərinin daha humanist olmasıdır. Bu yerdə ölkəmizdə ölüm hökmünün ləğv edilməsi xüsusi ilə qeyd olunmalıdır. Hələ 1998-ci il fevral ayının 10-da Milli Məclis Prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etmişdir. Ümumiyyətlə, Ulu Öndər dəfələrlə bu barədə məsələ qaldırmış, ölüm cəzasının mövcud olmasını və tətbiqini insan ləyaqətinə zidd hesab etmişdir. İnsan haqlarına və azadlıqlarına təkcə qanunvericilikdə deyil, həmçinin siyasətdə və iqtisadiyyatda da əməl olunması Ümummilli Liderin əsas hədəflərindən biri idi: "Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Bu düzgün yoldur, doğru öldür, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Biz çalışacağıq ki, vətəndaşların Konstitusiyadan irəli gələn hüquq və azadlıqları daim təmin olunsun, qorunsun".
Heydər Əliyev təkcə konstitusiya, demokratiya və insan haqlarında deyil, bütün sahələrdə milli-mənəvi dəyərlərin, etik normaların inkişafına, tətbiqinə səy göstərmişdir. Ulu Öndərin fikrincə, ölkədə mili-mənəvi dəyərlər qorunarsa, vətəndaş azad olarsa dövlət qüdrətli və güclü olar. Əgər sülh və təhlükəsizlik təmin olunmasa nə demokratiya, nə iqtisadiyyat, nə də insanların firavan həyatı ola bilər. Güclü dövlətə, demokratik prinsiplərə və insan azadlığına sahib olmaq üçün yalnız dövlətin arxasında möhkəm dayanmaq və öhdəmizə düşən vəzifələri vicdanla və ləyaqətlə yerinə yetirmək lazımdır. Ulu Öndər bizə əbəs yerə heç bir halda və heç bir zaman doğru və düz yoldan dönməməyimizi, vətənimizi qorumağı və sevməyi nəsihət etməmişdir: "Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur".
Əntiqə PAŞAYEVA, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
“Azərbaycan” qəzeti