Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.03.2025 15:22
  • A-
  • A
  • A+

“Strip till” texnologiyasının işlənilməsi və tətbiqi üzrə ixtiraya imza atmış azərbaycanlı alim

“Strip till” texnologiyasının işlənilməsi və tətbiqi üzrə ixtiraya imza atmış azərbaycanlı alim

Hazırda dünyanın bir çox ölkələrində geniş tətbiq edilən, torpaqların zolaqlarla becərilməsi (ABŞ "strip till"i) texnologiyasının işlənib hazırlanmasına və tətbiq edilməsinə vaxtilə Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri texnika elmləri doktoru, professor Ziyad Mehralı oğlu Abbasov da töhfə vermişdir. Professor Ziyad Abbasov bu sahədəki ixtirasına görə hələ 1988-ci ildə, keçmiş SSRİ Dövlət İxtiralar və Kəşflər Komitəsinin müəlliflik şəhadətnaməsini (№ 1464922) almışdır.

Həmin ixtira əsasında, torpağın zolaqlarla becərilməsi üçün kənd təsərrüfatı maşınları və tərtibatları olmadığına görə yeni texnoloji maşınlar kompleksinin işlənib hazırlanmasına ehtiyac olmuşdur. Çoxsaylı ixtira və patentlər səviyyəsində konstruksiya edilən yeni maşın və tərtibatların zavod şəraitində eksperimental nümunələri hazırlanaraq, keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı ilə Lənkəran Maşın Sınaq Stansiyasında Dövlət sınağından keçmiş və SSRİ-nin 1986-1995-ci illər perspektiv maşınlar sisteminə daxil edilmişdir.

SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə maşınlar kompleksi Həştərxan və Volqoqrad vilayətlərinin külək eroziyasına məruz qalan torpaqlarında tətbiq edilmişdir. Bununla əlaqədar dövlət səviyyəsində müvafiq qərarlar, məktublar və tapşırıqlar mövcuddur. Maşınlar Kompleksi Slovakiyanın Nitra şəhərində keçirilən beynəlxalq "Aqro-kompleks 86" sərgisinin böyük qızıl medalına və keçmiş SSRİ-nin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülmüşdür.

Elmi nailiyyətlərinə görə professor Ziyad Abbasova 1989-cu ildə “Azərbaycan Respublikasının Əməkdar ixtiraçısı” fəxri adı verilmişdir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: