Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan qadınının tarixi inkişaf yolu
07.03.2025 12:26
  • A-
  • A
  • A+

Azərbaycan qadınının tarixi inkişaf yolu

Azərbaycan qadını hər zaman cəmiyyətimizin ön sıralarında olmuş, hər zaman ailə şəfqəti, dövlət qayģısı ilə əhatə olunmuş və yüksək dəyər görmüşdür. Çünki vətənpərvər və mübarizdir - düşməninə qarşı qardaşı, yoldaşı ilə çiyin-çiyinə savaşar; sadiq və fədakardır - həyatını dəyərlərinə, övladlarına, ailəsinə və amalına fəda edər; mütəvazidir - qazandıģı nailiyyətləri bəsit bir kibrin nəticəsi kimi deyil, ona göstərilən lütf olaraq qəbul edər; nikbin və əzmkardır -  bütün çətinliklərdə belə həyata gülümsəməsini bilər;

müdrikdir - qarşısına çıxan hər tikana baxıb gülü, hər qaranlığa baxıb arxasından gələn işıqlı səhəri xəyal etməsini bilər; ən başlıcası isə mərhəmətlidir: incitməyi deyil, baģışlayıcı olmaģı seçər, elə buna görə də xeyirxahlıq mücəssiməsidir əsl Azərbaycan qadını.

Tariximizin bütün səhifələrində qadınların Vətənimizin müdafiəsində əsl vətənpərvərlik nümunələrinə rast gəlinmişdir. Savaş meydanında Tomris, Nigar, Həcər kimi, diplomatik bacarıqda Nüşabə, Sara Xatun kimi, xeyriyyəçilikdə Möminə Xatun, Tutu Bikə kimi onlarla lider qadınlarımızın qəhrəmanlığından heyranlıqla bəhs edilmişdir. Yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla mənəviyyatımızın ən etibarlı dayağı olan qadınlarımız vətənə, ailəyə, ənənələrə sədaqət, xeyriyyəçilik və zərafət kimi əsl xanım keyfiyyətlərini özlərindən sonrakı nəsillərə də ərməğan etmişlər. E.ə. VI əsrdə yaşamış Tomrisin ruhundakı qəhrəmanlıq şəhid qadınlarımızın - Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın timsalında onlarla mübariz qadınlarımızın ruhunda davam etdirilmiş, XII əsrdə yaşamış Məhsəti Gəncəvinin şairlik ruhu Natəvanın, Heyran xanımın,  Fatma xanım Kəminə, Mədinə Gülgün, Nigar Rəfibəyli, Mirvarid Dilbazinin mənəviyyatında davam etdirilmişdir. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə layiqli xidmət edirlər.

Dövlət müstəqilliyimizin bərpasından keçən 34 il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasına dəyərli töhfələr vermişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmaqla cəmiyyətdə böyük etimad qazanmışdır. Bu etimadın göstəricilərindən olan seçib-seçilmək hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, müxtəlif sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Bu potensialın üzə çıxarılması və inkişaf etdirilməsi ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, nəticə olaraq müasir lider qadınların yetişməsi üçün mühüm stimul olmuşdur. Onların ən gözəl timsalı olan Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırmışdır. Bu gün ölkədəki xəstə, əlil, imkansız və yetim soydaşlarımızın himayədarına çevrilən, dünya miqyasında Azərbaycan mədəniyyətinin və tarixinin təbliğatçısı rolunu oynayan Mehriban xanım Əliyeva ailə dəyərlərinə yüksək qiymət verir: “Mən öz ailəmi çox sevirəm və ailə ənənələri ilə hesablaşıram. Əgər evdə qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və hörmət varsa, hesab edirəm ki, qalan bütün məsələlər yoluna qoyulacaq”. Ailə dəyərlərinə bağlılığı ifadə edən bu fikirlər gənc nəsilə ailənin müqəddəsliyi və qorunmasının zəruriliyi kimi mental dəyərlərin aşılanmasınnda mühüm əhəmiyyət daşıyır. Bu, əsil Azərbaycan xanımının həyat kodeksidir. Hansı ki, tarix boyu bütün digər xidmətlərin fövqündə duran analıq missiyasını qoruyub saxlayıb.  Bu müqəddəs missiyanı ləyaqətlə daşıyan müdrik analar Vətənə vəfa borcunu qanlarıyla verərək and yerimizə çevrilən şəhidlərimizi, canlarından pay verməyi gözə alan fədakar qazilərimizi, elm, siyasət, diplomatiya, mədəniyyət, idman, texnologiya sahələrində zəkası, istedadı, qələmləri ilə dövlətçiliyimizə və xalqımıza sədaqətlə xidmət edən qiymətli gənclərimizi yetişdirmişlər. Onları yetişdirən müdrik analar içərisində lider analar, şair analar, xeyriyyəçi analar da var, şəhid analar da var, şəhid anaları da. Onlar hər zaman dövlət qayğısı və xalq məhəbbəti ilə əhatə olunmuşdur.

Respublikamızda xanımlara göstərilən diqqət və qayğının nəticəsidir ki, hazırda ölkə əhalisinin 51 faizini təşkil edən qadınlar  müəllimlərin 80, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər.  Azərbaycan qadınlarının fəaliyyətinin inkişaf etdirilməsi elmi elitada da özünü biruzə verir. 1945-ci ildən 2007-ci il ilədək keçən 62 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının 341 həqiqi üzvü və müxbir üzvləri içərisində 18 qadın təmsil olunduğu halda, 2014-cü ildə seçilən 76 nəfərən 6-nı qadınlar təşkil etmişdir. Onlardan görkəmli oftolmoloq Z.Əliyeva, Ə.Cəfərzadə, N.Vəlixanlı, R.Əliyeva, G.Baxşəliyeva və digərlərinin adlarını çəkmək olar. Statistik artım nisbəti Azərbaycan qadınlarının bütün sahələrdə olduğu kimi, bu sahədə inkişaf marafonundan xəbər verir. Bu irəliləyiş AMEA Naxçıvan Bölməsinin gender faizində də nümayiş olunur. 2025-ci ilin yanvarına aid statistikaya əsasən burada çalışan 107 əməkdaşın 68-ni, 34 nəfərdən ibarət elmi potensialın isə 51 faizini xanımlar təşkil edir.

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilməsinin nəticəsidir ki, mühüm dövlət qurumlarında, seçkili orqanlarda, idman sahəsində onlar uğurla təmsil olunmaqdadır. Onların müxtəlif qurumlarda, o cümlədən Ali qanunvericilik orqanlarında da iştirak faizi ildən-ilə artmaqdadır. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilməsi, eləcə də Naxçıvan MR Ali Məclisində 16 qadın deputatın təmsil olunması, 2020-ci ildən Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın seçilməsi Azərbaycan qadınlarına göstərilən etimadın artan xətt üzrə inkişafının bariz nümunələrindəndir.

Müxtəlif məsul vəzifələrdə çalışan xanımlar, həmçinin millət vəkilləri, incəsənət, elm və pedaqoji sahənin yüzlərlə zərif, lakin fədakar nümayəndələri Azərbaycanda gender probleminin uğurlu həllinin göstəricisidir.

Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən olub, 2006-cı ildə  “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul olunması ilə daha da inkişaf etdirilmişdir. Qadınların hər il müxtəlif nominasiyalar üzrə orden və medallarla təltif olunması, fəxri adların verilməsi onları daha əzmli, çalışqan mübariz və güclü olmağa sövq edir. İstər ölkə daxilində qəbul edilən qərar və sərəncamlar, istərsə də müvafiq beynəlxalq konvensiyalara qoşulmaqla qadınlara verillən hüquq və azadlıqlar bu günkü müasir, güclü Azərbaycan qadını obrazını formalaşdırmışdır.

Zeynəb QULİYEVA, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar müəllimi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: