Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

8 Mart - Beynəlxalq Qadınlar Günü: kitabxanaçı qadınların cəmiyyətdə rolu
10.03.2025 10:38
  • A-
  • A
  • A+

8 Mart - Beynəlxalq Qadınlar Günü: kitabxanaçı qadınların cəmiyyətdə rolu

Bu gün biz 8 Mart - Beynəlxalq Qadınlar Gününü qeyd edirik. Bu əlamətdar gündə cəmiyyətimizin inkişafına töhfə verən bütün qadınları, xüsusilə bilik mənbəyi olan kitabxanalarımızın fədakar işçilərini – kitabxanaçı qadınları ürəkdən təbrik edirik!

Qadınlar cəmiyyətin və ailənin təməl sütunlarındandır. Onların sevgisi, zəhməti, fədakarlığı və müdrikliyi dünyanı daha gözəl və mənalı edir. Qadın təkcə ana, bacı və ya həyat yoldaşı deyil, o həm də güclü lider, elm adamı, sənətkar və döyüşçüdür. Tarix boyu bir çox qadınlar öz qeyri-adi zəkası, liderlik qabiliyyəti, qəhrəmanlığı və elmə verdiyi töhfələrlə adlarını tarixə yazdırıblar.

Misirin sonuncu hökmdarı - Kleopatra, İngiltərə və İrlandiyanın kraliçası I Elizabeth (1533–1603), Hindistanın ilk qadın baş naziri - İndira Qandi (1917–1984), Rusiyanın ən güclü qadın çarlarından biri - II Yekaterina (1729–1796), Azərbaycan poeziyasının görkəmli nümayəndəsi - XII əsrdə yaşayıb yaratmış Məhsəti Gəncəvi, Qarabağ xanlığının sonuncu varisi - Xurşidbanu Natəvan (1832–1897), Azərbaycanın və Şərqin dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan - Sara xatun, XX əsrdə Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, vaxtilə Azərbaycanda geniş yayılmış traxoma göz xəstəliyinin müalicəsini ilk dəfə kəşf edən - akademik Zərifə xanım Əliyeva. Bu qadınların fədakarlığı, biliyi və iradəsi gələcək nəsillərə ilham mənbəyidir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qadınlar haqqında deyirdi: "Bizim cəmiyyətimiz qadınlara daim böyük hörmətlə yanaşıb. Azərbaycan qadınları təkcə gözəllikləri ilə deyil, eyni zamanda ağılları, zəhmətkeşlikləri və mübarizlikləri ilə də seçiliblər".

Heydər Əliyev 8 Mart - Beynəlxalq Qadınlar bayramıyla əlaqəli isə çıxışlarının birində bu dəyərli fikirləri səsləndirmişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar həm də anadırlar...”

Ümummilli Liderin hakimiyyəti dövründə dövlət tərəfindən qadınların təhsili, dövlət idarəçiliyində fəal iştirakı və sosial müdafiəsi xüsusi diqqətdə saxlanılırdı. Bu siyasət Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. İstər ölkəmizdə, istərsə də Vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edən Mehriban xanımın şəhid ailələrinə, xüsusilə də şəhid analarına, həyat yoldaşlarına göstərdiyi diqqət və qayğı hər birimizə məlumdur.

Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. İndi Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

Dünya tarixində bir çox görkəmli qadın kitabxanaçılar olub. Onlar arasında ilk qadın kitabxanaçılardan biri hesab edilən Ketrin Kertis, Amerika Konqres Kitabxanasında çalışan və qadınların kitabxana sahəsindəki rolunu artıran Ada Alen kimi şəxsiyyətlər var. Azərbaycanda da kitabxana işi sahəsində çalışan qadınlar həmişə bilik və mədəniyyətin qoruyucusu olublar. Onlar oxucularını ədəbiyyatla təmin etməklə yanaşı, həm də cəmiyyətin elmə və maarifə bağlılığını artırırlar. Azərbaycanda ilk qadın kitabxanaçı XVIII əsrdə  Azərbaycanın görkəmli maarifpərvər qadınlarından olan Xəlisə qarı el ədəbiyyatına, xalq yaradıcılığına böyük həvəs göstərmiş, çoxlu miqdarda xalq ədəbiyyatı nümunələri toplamış və yazıya almışdır.

Kitabxanaçı peşəsi böyük zəhmət, səbr və sevgi tələb edir. Onlar təkcə kitab rəflərini düzənləyən insanlar deyil, həm də bilik körpüsü yaradan, oxucuları maarifləndirən, elmi və mədəni irsimizi qoruyub saxlayan fədakarlardır. Kitabxanaçı qadınlar öz zəhmətləri ilə yeni nəsillərin savadlanmasına, dünyagörüşünün formalaşmasına və cəmiyyətin mədəni inkişafına böyük töhfə verirlər.

Asta yeriyərlər, usta dinərlər,

Nur yağar mənalı baxışlarından.

Yerdən ucalarlar, göydən enərlər

Bəşərin həqiqət baxışlarına.

Onlar kitabları əzizləyəntək

Kitablarda sevər xirudarını.

Mən sevib tanıdım, tanıyıb sevin

Dünyanın bu zəngin adamlarını.

(İbrahim Hacıyev)

Bu gün müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə kitabxanaçı qadınlar yalnız kitabları təqdim edən deyil, həm də rəqəmsal resursları idarə edən, informasiya cəmiyyətinin formalaşmasına töhfə verən mütəxəssislərdir. Onların  danılmaz zəhmətləri sayəsində  kitabxanalarda yalnız ənənəvi formada kitablarla deyil, eyni zamanda elektron resurslarla da tanış olmaq mümkündür.

Kitabxanaçı qadınlar cəmiyyətimizin səbrli və fədakarları sırasındadır. Onların işi sayəsində biliklər nəsildən-nəslə ötürülür, insanlar maariflənir və kitabın gücü heç zaman zəifləmir. Bu gözəl bayram günündə qadınlara sağlamlıq, uğur və yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək!

Leyla İBRAHİMOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Azərbaycan dilində ədəbiyyat fondunun rəhbəri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: