Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.03.2025 10:24
  • A-
  • A
  • A+

Estoniya Respublikası Parlamentinin nümayəndələri Nizami Muzeyinin qonağı olublar

Estoniya Respublikası Parlamentinin nümayəndələri Nizami Muzeyinin qonağı olublar

Azərbaycanda işgüzar səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqun) Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Riina Solman, Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Maria Jufereva-Skuratovski və nümayəndə heyəti  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Qonaqları muzeyin ekspozisiya ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva tanış edib. Ziyarətçilər Azərbaycan ədəbiyyatının görkəmli klassikləri, əsasən XII əsrdə yaşayıb yaratmış Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yaxından maraqlanıblar. Riina Solman Azərbaycan qadını haqqında düşüncələrini bölüşərək bildirib ki, onlar  yalnız xarici görünüşü ilə deyil, daxili zənginliklərilə də seçilir. Burada Azərbaycan qadının hüquqları qorunur, onlar cəmiyyətdə, elmdə, mədəniyyətdə və digər sahələrdə özlərinəməxsus yer tutublar. Bu təməlin hardan qaynaqlandığını isə bu muzeydə, Məhsəti Gəncəvi yaradıcılığı ilə tanışlıqdan sonra öyrəndiyini qeyd edib.

Sonra parlament nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin yaranmasından və Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun fəaliyyətindən məlumat verilib, həmçinin ona həsr edilmiş ekspozisiya təqdim edilib.

Muzeyin dəhlizinin divarlarında görkəmli dünya klassikləri, onların  barelyefləri və Azərbaycan dili, ədəbiyyatı haqqında fikirləri təqdim olunur. Sərgilənən lövhələrin birində fransız yazıçısı Aleksandr Dümanın fikirləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb: “Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı”.

Sonda muzeyin rəylər və təəssüratlar kitabına ürək sözlərini yazan qonaqlara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun müəllifi olduğu Azərbaycan ədəbiyyatının  klassiklərinə həsr etdiyi “Sözün meracı”, “Şirvan şairləri” kitabları və “Nizami muzeyinin xalçaları” açıqca dəsti təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: