ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Elm Günü”nə həsr olunmuş elmi-populyar seminar keçirilib.
Tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitunun əməkdaşları ilə yanaşı, AR ETN Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Polimer Materialları, Radiasiya Problemləri və Biofizika İnstitutlarının, Bakı Dövlət Universitetinin, Fransa-Azərbaycan Universitetinin (UFAZ), Texniki Universitetin, AMEA-nın Əlyazmalar İnstitutunun alimləri, gənc tədqiqatçıları, magistr və tələbələri də iştirak ediblər.
Seminarı giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında alimlərin böyük xidmətləri var.
Sonra akademik elmin populyarlaşmasına həsr olunmuş “Elmin inkişafı bizi hara aparır? İşıqlı gələcəyə, yoxsa iflasa?” adlı məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, elmin populyarlaşdırılması, elmi biliklərin təbliği və cəmiyyətdə elmi dünyagörüşünün möhkəmləndirilməsi elmi təşkilatların və alimlərin əsas vəzifələrindən biri olmalıdır. Elmin populyarlaşdırılmasında məqsəd getdikcə çətinləşən elmi nəticələrin sadə və anlaşılan tərzdə ictimaiyyətə çatdırmaq, elmə olan iddialara cavab vermək, elmə inamı artırmaq və istedadlı gəncləri elmə cəlb etməkdir.
Məruzəçi bildirdi ki, klassik elmin qeyri-klassik elmə, onun da hazırkı dövrdə post qeyri-klassik elmə keçməsi (yaradıcılıq təfəkkürünə söykənən intuisiyadan istifadə) elmin çətinləşməsinə və alınan yeni nəticələrin çətin dərk edilməsinə, nəticədə də elmlə cəmiyyət arasında uçurumun getdikcə dərinləşməsinə səbəb olmuşdur. XXI əsrdə bioloji təkamülün texnoloji təkamül ilə əvəz olunması yeni sahələrin, o cümlədən rəqəmsal texnologiyalar, süni intellekt və s. yaranmasına, nəticədə tərəqqinin xeyli sürətlənməsinə gətirib çıxartmışdır. Bu inkişafın fonunda hazırda insanları düşündürən bir sıra suallar var ki, onları cavablandırmaq elm adamları üçün o qədər də, asan deyil. Bu suallardan aşağıdakıları göstərmək olar: hazırkı dövrdə bəşəriyyətdə nə baş verir, dünya hara gedir? elmin sürətli inkişafı nəyə gətirə bilər və bizi gələcəkdə nə gözləyir? tərəqqinin sürətlənməsi elmin də sona yaxınlaşmasını tezləşdirəcəkmi? elmin əvvəli olduğu kimi sonu da varmı? və s.
Akademik elmin qısa tarixindən danışaraq bildirdi ki, qədim Misir kahinlərindən, çin və yunan filosoflarından sonra VIII – XIII əsrlərdə islam dünyasının “qızıl dövrü” başlamış, həmin dövrlərdə yaşamış alimlər astronomiya, riyaziyyat, tibb elmlərinə dəyərli töhfələr vermişlər (əl Kindi, Məqribi (Paskal üçbucağı), Fərabi, ibn Xəyyam (əlkimya), Xorezmi (cəbr), ibn Xaysam (optika), ibn Sina (tibb), əl Biruni, ağ Şəmsəddin (mikroblar), N.Tusi və s.). Avropa elminə yayılması XVI - XVII əsrlərə təsadüf edir. Həmin dövrdə dərc olunan Ceyms Poskettin “Elmin qeyri-qərb tarixi” kitabında ərəb, çin, türk alimlərinin qiymətli tədqiqatları və onların Avropaya təsiri geniş işıqlandırılmışdır. Hesab edilir ki, indiki mənada elmin formalaşması (elmi idrak və onun prinsipləri) XVII əsrdə (Q.Qaliley) başlayıb, yalnız XIX əsrdə elm peşə olub. Belə ki “Elm” və “alim” terminləri ilk dəfə Uilyam Uevell tərəfindən “İnduktiv elementlərin fəlsəfəsi” (1840) əsərində istifadə edilmişdir.
Daha sonra akademik elm haqqında görkəmli tədqiqatçıların yazdığı kitablar, söylədiyi fikirlər haqqında danışdı. Qeyd olundu ki, elm haqqında məşhur əsər elm haqqında elmin atası sayılan Karl Popperə məxsusdur (“Elmi tədqiqatın məntiqi” kitabı). Bundan başqa Tomas Kunun “Biliklərin toplanması ilə paradiqmaların dəyişməsi”, Derek Praysin “Böyük elm” (17 əsrdən sonrakı elmi cəmiyyətlər) və “Kiçik elm” (17 əsrə qədər fərdi adamlar), Con Bernalın “Tarixdə elm” (Science in History) 4 cildlik kitabı, Azərbaycanlı filosov Səlahəddin Xəlilovun “Elm haqqında elm” əsərləri xüsusi qeyd edilməlidir.
Akademik bildirdi ki, hazırda elmin cavab tapa bilmədiyi bir sıra problemlər vardır. Onlara turbulentlik, həyat necə yaranıb, zülalların foldinqi, qravitasiya nəyin hesabına yaranır, astagedən mikroorqanizmlərin (тихоходки) sağ qala bilməsi mexanizni necədir, qaranlıq enerji və qaranlıq materiya və s. göstərmək olar. Bəs bizim məşğul olduğumuz kimya elminin inkişafı gələcəkdə hansı istiqamətlərdə olacaqdır? Kimya elminin sonu ola bilərmi? Akademik qeyd etdi ki, gələçəkdə kimyanın əsas inkişaf istiqamətləri kimi aşağıdakıları qeyd etmək olar:
Kompüter kimyası (süni intellekt və informasiyanın saxlanması üçün yeni mürəkkəb quruluşların sintezi, molekulyar kompyuterlərin yaradılması),
Gen mühəndisliyi (canlı orqanizmlərə Si və Ge daxil etməklə həyatın yeni formalarının yaradılması).
Nano texnologiyalar (atomları ardıcıl birləşdirməklə yeni molekulların qurulması, reaksiya gedişinin vizuallaşdırılması, zülal molekulunun formasını dəyişməklə onun bioloji fəallığının dəyişdirilməsi) və s.
Bəs ümumilikdə elmin gələcəyi necə ola bilər? Elmi kompleksin bəzi ayrı-ayrı bölmələri nisbi sona yaxıınlaşa bilər. Yəni elmin inkişafı prinsipcə yeni mərhələyə keçə bilər. Elmdə liderliyin dəyişməsi (klonlaşma, İKT, süni intellektin inkişafı ) ilə elmi paradiqmalar da dəyişir. Bu məsələ təhsildə də özünü göstərir: belə ki, artıq təhsil=öyrətmə paradiqması, təhsil=formalaşma paradiqması ilə əvəz olunur.
Akademik qeyd etdi ki, gələcək üçün narahatlıq doğuran proqnozlara aşağıdakıları aid etmək olar:
-Kompüterləşmə nəticəsində özünə qapanma, piylənmə, əzələlərin atrofiyası və s. nəticəsində immun sisteminin zəifləməsi, ailədə robotlar;
-“Ağıllı” alqoritmlərin informasiyanı analiz etmə qabiliyyəti hesabına həyatı proqnozlaşdıra və bizim əvəzimizə qərar qəbul edə bilməsi;
-Süni intellektin süni şüura malik olması;
-Biq Data sistemində təsadüfən və ya qəsdən informasiya xaosunun yaranması;
-Sintetik həyat heç kim təsəvvür etmir ki, sintetik varlıqların real ekosistemə daxil olması nə ilə nəticələnə bilər, təbiətdə və cəmiyyətdə hansı problemlərə yol aça bilər. Bu problemlərin öhdəsindən onları yaradan bəşər övladı gələ bilərmi?
Elmi-texnoloji tərəqqinin tempi və sürətli kompyuterləşmə ona gətirib çıxaracaq ki, insanların çoxu elmi tərəqqi ilə ayaqlaşa bilməyəcək. Əsas təhlükə o olacaq ki, fərdi psixika yeni texnoloji mühitə uyğunlaşa (adaptasiya) bilməyəcək. Şok (fəaliyyətin olmaması) onda baş verəcək. İnsanların xarakteri və psixikası, ailənin modeli, iqtisadiyyatda informasiyanın rolu və dəyəri dəyişəcək.
Reallıq ondan ibarətdir ki, Azərbaycan da yaşadığımız planetin bir hissəsidir və yuxarıda qeyd olunanlardan kənarda qala bilməz. Artıq bu istiqamətdə bir sıra işlər görülməkdədir. Bakıda 13-15 mart 2025-ci ildə keçirilən Gobal Bakı Forumunda 400 xarici qonağın iştirakı ilə “Dünyanın gələcəyinin necə olacaq?” məsələsinin müzakirəsi olumuşdur (texnologiyalar, iqlim dəyişiklikləri, səhiyyə problemləri). Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə (16 yanvar və 19 mart 2025-ci il) Rəqəmsal inkişaf konsepsiyası qəbul edilmiş və Süni intellekt akademiyasının yaradılması haqqında qərar qəbul edilmişdir. Vacib məsələ İnformasiya cəmiyyətinə keçid prosesində yaranan yeni reallığa insanların intellekt uyğunlaşmasıdır. İnsan beyninin konstruksiyasına əsaslanan süni neyron şəbəkələr və süni intellektin (generativ Sİ və kvant Sİ) süni şüura malik olma ehtimalı gələcəkdə təhlükə mənbəyi də ola biləcəyi istisna deyil.
Sonda akademik məruzəsinə yekun vuraraq bildirdi ki, dünyamızın müəyyən olan yeganə prinsipi varsa, o da Verner Heyzenberqin qeyri-müəyyənlik prinsipidir. Ona görə gələcək haqqında düşüncələrin doğruluğuna tam zəmanət vermək mümkün deyil.
Daha sonra məruzə ətrafında maraqlı müzakirələr oldu, verilən suallar və söylənilən fikirlərə münasibət bildirildi. Məruzə ətrafında çıxış edən akademiklər Vaqif Fərzəliyev, Abel Məhərrəmov, Adil Qəribov və başqaları maraqlı məruzə üçün akademik Dilqəm Tağıyeva təşəkkür etdilər və belə seminarların keçirilməsinin əhəmiyyətini vürğuladılar.
Seminara yekun vuran akademik Dilqəm Tağıyev bildirdi ki, elmin populyarlaşması istiqamətində bu cür seminarlar mütəmadi olaraq keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.