Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədə tarixi həqiqətlərin dünyaya çatdırılmasının xüsusi önəmi oldu”
11.04.2025 11:15
  • A-
  • A
  • A+

“Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədə tarixi həqiqətlərin dünyaya çatdırılmasının xüsusi önəmi oldu”

“Hər bir xalqın böyüklüyü onun dünya elminə verdiyi töhfələrlə, elmi nailiyyətləri ilə ölçülür”.

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov Akademiyanın Elm Gününə həsr olunmuş tədbirində çıxışında deyib.

Anar İsgəndərov elm ictimaiyyətini Elm Günü münasibətilə təbrik edib, Azərbaycan elminin tarixinə dair mühüm məqamlara toxunub. Professor Anar İsgəndərov qeyd edib ki, elm və təhsilin Azərbaycan cəmiyyətində önəmli yer tutması hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin gündəliyinə daxil edilən əsas məsələlərdən olub. Komitə sədri vurğulayıb ki, həmin dövrdə ilk ali məktəbin yaradılması ilə bağlı təşəbbüslər və parlamentdə aparılan müzakirələr elmin və təhsilin inkişafına verilən dəyərin bariz nümunəsidir: “1919-cu ildə Azərbaycan Parlamentində elm və təhsilin vəziyyəti müzakirəyə çıxarılıb. Parlamentin qərarı ilə 100 azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq üçün xaricə göndərilib”. 

Elmin inkişafına dair atılan növbəti mühüm addım kimi, 1919-cu ilin dekabrında İstiqlal Muzeyinin yaradılmasını qeyd edən professor Anar İsgəndərov bildirib ki, burada nümayiş etdirilən ilk eksponatlar dövrün elmi uğurları kimi qəbul edilirdi. O, bugünkü Azərbaycan elminin nailiyyətlərinə diqqət çəkərək vurğulayıb ki, əldə edilən uğurlar bu gün keçirilən sərgidə də öz əksini tapıb.

Komitə sədri müasir dövrdə tarix elminin inkişafı məsələsinə toxunub, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədə tarixi həqiqətlərin dünyaya çatdırılmasının önəmini xüsusi qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin qələbənin əsas şərtləri kimi göstərdiyi amillər sırasında problemin tarixiliyinin beynəlxalq ictimaiyyətə düzgün təqdim olunması da var idi. O, əlavə edib ki, tarix elmi daim inkişafda olan bir sahədir və bu baxımdan Qərbi Zəngəzur məsələsinin də elmi araşdırmalar kontekstində ön plana çıxması vacibdir.

Çıxışının sonunda professor Anar İsgəndərov son zamanlar aparılan kompleks islahatları nəzərə alaraq, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində daha böyük nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: