Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.04.2025 09:52
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində seminar keçirilib

AMEA Lənkəran Regional Elmi Mərkəzi və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Regionun görkəmli alimləri: akademik Mirməmməd Cavadzadənin həyat və elmi fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.

Əvvəlcə Bakıdan gələn qonaqlar – Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, Əməkdar müəllim İbrahim Quliyev, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasının müdiri, professor Samir Cavadzadə, Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru, tibb elmləri doktoru Fariz Babayev, həmin xəstəxananın baş həkimi Nicat Kərimov, sabiq deputat və sabiq Xarici İqtisadi Əlaqələr naziri Hafiz Babayev Lənkəran REM-də şəhid Mahsun Bağırzadənin xatirə guşəsinin önünə gül dəstələri qoyublar.

Sonra qonaqlar Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran REM-in direktoru Mehman Qaraxan oğlu Əliyev bildirib ki, himnimizin çox möhtəşəm  və əsrarəngiz səslənməsindən sonra, xüsusən,  bu sözlərdən sonra danışmaq çox çətin və məsuliyyətlidir:

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət,

Sinəmdə tutmuş məkan!

Amma özümə təlqin etdiyim həqiqət ondan ibarətdir ki, bu gün haqqında söhbət açdığımız böyük şəxsiyyət, dahi insan, Ulu Öndərin ən sədəaqətli dostlarından biri, region alimlərinin bayraqdarı  Mirməmməd Cavadzadə kimi insanların sinəsində Vətən məhəbbəti əbədi qərar tutmasaydı, Vətən gülüstana çevrilə bilməzdi… Şəhidlərimiz isə o gülüstan güllərini qanları ilə suvarıb bizə ibrətamiz qəhrəmanlıq dərsi keçdilər və keçirlər də.

Tədbirimizi belə kövrək notlarla davam etdirməyimizin əsas səbəbi himnimizin möcüzəsidir.

HÖRMƏTLİ ELMİ SEMİNAR İŞTİRAKÇILARI, ƏZİZ QONAQLAR!

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi öz fəaliyyətini Qlobal Çağırışlar və Regional Reallıqlar əsasında qurur.

Ölkə Prezidenti cənab İlham Əliyevin məlum sərəncamında deyilir:

“Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir”. Zənnimizcə, şərhə ehtiyac yoxdur.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidendi, akademik İsa Həbibbəyli elə həmin sözlərin işığında yola çıxaraq yazır:

“Akademiyanın 80 illik yubileyini Azərbaycan elminin hesabatı kimi dəyərləndiririk”.

Bizim bu günkü elmi seminarımızı da AMEA Lənkəran Regional Elmi Mərkəzinin kiçik bir hesabatı kimi dəyərləndirməyiniz xahiş edirəm.

Mübarək Peyğəmbərimiz buyurur: “Alim öldü, aləm öldü”

Amma elə alimlər var ki, onların  fiziksəl yoxluğu da aləmlərin dirilişinə xidmət edir. Mirməmməd Cavadzadə kimi alimləri nəzərdə tuturuq. Bu gün o da bizim aramızdadır, sanki özünün simvolik hesabatını vermiş olur.

Elmi seminarın moderatoru Lənkəran REM-in elmi katibi Cəmil Quliyev qonaqları tədbir iştirakçılarına təqdim etdikdən sonra akademik Mirməmməd Cavadzadənin həyatı və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonra Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkim-uroloqu, tibb üzrə fəlsəfə doktoru Əliməmməd Bağırovun “Akademik Mirməmməd Cavadzadənin Azərbaycan tibb elminə verdiyi töhfələr” və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Urologiya şöbəsinin həkim-uroloqu Qabil Bəşirovun “Akademik Mirməmməd Cavadzadənin uroloji sahəyə gətirdiyi yeniliklər” mövzularında məruzələri dinlənilib.

Müzakirələrdə Milli Məclisin sabiq deputatı və sabiq nazir Hafiz Babayev, Respublikanın Əməkdar müəllimi, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Lənkəran Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru Mübariz Mustafayev, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Nicat Kərimov, tarix üzrə fəlsəfə doktoru Teyyub Nəsirov, akademikin uşaqlıq dostu, uzun illər Lənkəran səhiyyəsinə rəhbərlik etmiş mərhum Mirkazım Miriyevin oğlu Hacı Etibar Miriyevin çıxışları dinlənilib.

Məruzələrdə və çıxışlarda qeyd edilib ki, görkəmli uroloq-alim, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, respublikamızda uroloji məktəbin yaradıcısı Mirməmməd Cavad oğlu Cavadzadə Azərbaycan tibb elminin korifeyləri sırasında özünəməxsus layiqli yer tutur. 1966-cı ildə görkəmli alimin təşəbbüsü ilə Bakıda Respublika Uroloji Xəstəxanası yaradılıb. 1971-ci ildə onun rəhbərliyi ilə Cənubi Qafqazda ilk dəfə böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. O, 1971-1984-cü illərdə 30 böyrək köçürülməsi əməliyyatı aparıb. M.Cavadzadə 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edilib və ömrünün sonunadək bu institutun rəhbəri olub. O, urologiyanın problemlərinə həsr edilmiş 34 monoqrafiya və dərs vəsaitinin, 700-dən artıq elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. M.Cavadzadənin rəhbərliyi altında 17 elmlər doktoru, 71 elmlər namizədi, yüzlərlə yüksək ixtisaslı uroloq-həkim yetişib. Dünya şöhrətli akademik respublikada ictimai xadim kimi də yaxşı tanınıb, 9-12-ci çağırışlar Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin, Azərbaycan Uroloqlar Cəmiyyətinin, digər ictimai birlik və qurumların sədri kimi səmərəli fəaliyyət göstərib. Keçmiş SSRİ Tibb Akademiyasının müxbir üzvü, Avropa və Beynəlxalq uroloqlar cəmiyyətlərinin üzvü, Çexiyanın və Bolqarıstanın uroloqlar cəmiyyətlərinin fəxri üzvü idi.

Mirməmməd Cavadzadənın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” və “İstiqlal”ordenləri ilə təltif edilib. O, 2008-ci ilin avqust ayında vəfat edib, I Fəxri Xiyabanda dəfn olunub.

2009-cu ildə dövlət başçımızın qərarı ilə Respublika Klinik Uroloji Xəstəxanasına Mirməmməd Cavadzadənin adı verilib. Bakı şəhərində Tərlan Əliyarbəyov küçəsində yaşadığı 2 nömrəli binaya akademikin xatirə lövhəsi vurulub.

Sonda akademikin oğlu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasının müdiri, professor Samir Cavadzadə çıxış edərək atasının xatirəsini əziz tutduqları üçün tədbirin təşəbbüskarları və təşkilatçılarına minnətdarlığını bildirib.

Elmi seminarda Lənkəran ictimaiyyətinin nümayəndələri, elm adamları, ziyalılar, Lənkəran Tibb Kollecinin müəllim və tələbələri iştirak ediblər. Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: