Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Ayşən Bağırzadə “AMEA Mərkəzi Elmi Kitabxanasının elektron resursları” mövzusunda məruzə edib.
Gənc tədqiqatçı AMEA MEK-in yaranma şəraiti və tarixi barədə məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, qurum 1925-ci ildə “Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti”nin nəzdində fəaliyyətə başlayıb. Məruzədə kitabxananın formalaşma və inkişaf mərhələləri xronoloji baxımdan izlənilib. Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən kitabxananın yeni binasının tikildiyini vurğulayan tədqiqatçı qeyd edib ki, hazırda kitabxana ən müasir avadanlıqlarla təchiz olunub, ötən dövr ərzində qurumun kadr potensialı inkişaf etdirilib.
Son vaxtlar Mərkəzi Elmi Kitabxananın elektron resurslarının təkmilləşdirildiyindən bəhs edən məruzəçi 2024-cü ilin sentyabrında “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat keçirildiyini, bu istiqamətdə yeni hədəflərin müəyyən edildiyini diqqətə çatdırıb: “Kitabxananın müvafiq şöbələri tərəfindən elektron kitabxanaya daxil edilən resursların sayı davamlı olaraq artırılır. Burada kitablar, jurnallar, avtoreferatlar, kitabxananın öz nəşrləri və digər biblioqrafiyalar, nadir kitablar yer alır”. Araşdırmada müəssisənin Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin fəaliyyəti xüsusi təhlil olunub. Qeyd edilib ki, şöbə kitabxana-informasiya xidmətinin modernləşdirilməsi, informasiya təminatının optimallaşdırılması, zaman və məkan məhdudiyyəti olmadan uzaq məsafədən elektron informasiya xidmətinin göstərilməsi istiqamətlərində fəaliyyət göstərir: “Kitabxananın Reproqrafiya şöbəsi isə bədii, elmi, fəlsəfi kitabların, klassik ədəbiyyat nümunələrinin, qəzet, jurnal məqalələrinin elektron formata salınması, xüsusi proqramda konvertasiya edilməsi, bir formatda elektron bazaya daxil edilərək oxucuların istifadəsinə verilməsi işini həyata keçirir”.
Məruzədə kitabxananın elektron resurslarının inkişaf dinamikası qrafik şəklində təqdim edilib, müqayisəli təhlillər aparılıb, kitabxanada keçirilən e-sərgilər və e-layihələr barədə məlumat verilib, beynəlxalq bazalardan, nüfuzlu elmi resurslardan istifadə imkanları öyrənilib.
Tədbirdə iştirak edən AMEA MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov rəhbərlik etdiyi qurumun fəaliyyətinə verilən qiymətə görə seminar iştirakçılarına və məruzəçiyə təşəkkürünü bildirib. Mərkəzi Elmi Kitabxana ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında müxtəlif platformalarda, o cümlədən kitabxana əməkdaşlarının fakültədə tədrisə cəlb edilməsi, tələbələrə kitabxanada təcrübə keçmək imkanlarının yaradılması, birgə konfransların, ustad dərslərinin və elmi seminarların təşkili istiqamətlərində əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb.
Elmi seminar müzakirələrlə davam edib.