AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 2024-cü il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini deyərək müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlandığını və qəbul olunduğunu vurğulayıb.
Müstəqilliyin ilk illərində çətin dövrlərini yaşamış Azərbaycan Respublikasının rəhbərliyinə 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gəldiyini deyən akademik G.Baxşəliyeva xalqımızın və dövlətçiliyimizin xilaskarının ölkədə təhlükəli proseslərin qarşısını aldığını, ictimai-siyasi sabitliyi təmin etdiyini və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratdığını bildirib. Məhz bu əsasda da qəbul olunan Konstitusiya ölkəmizdə qanunvericilik sahəsində islahatların əsasını qoydu.
Konstitusiyanın preambulasında bəyan edilən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının 30 ilə yaxın torpaqlarımızın ermənistan silahlı qüvvələrinin işğalı altında olması səbəbindən tam təmin edilməsinin mümkün olmadığını deyən akademik, Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından tam azad etdiyini və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin indi artıq respublikanın bütün ərazilərində bərqərar olduğunu bildirib.
Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi konfransda “Azərbaycanlıların milli mənsubiyyət hüququnun tanınması tarixi: milli kimlikdən konstitusion hüquqa” mövzusunda məruzə edib. Məruzəçi ilk olaraq milli inkişaf tariximizdə rolu olan, ictimai fikrə “azərbaycanlı” sözünü kimlik olaraq gündəmə gətirən ictimai və dövlət xadimlərimizdən danışıb. Azərbaycançılıq milli ideologiyasının əsasının qoyulmasından danışan professor S.Rüstəmova-Tohidi, həmçinin azərbaycanlıların qanunla təsbit olunmuş hüquqlarının Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd - 1918-ci il Bəyannaməsində, sovet dövründə, eləcə də müstəqillik illərində qəbul edilmiş konstitusiyalarda necə əks olunmasından bəhs edib.
İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov “Azərbaycan Respublikası Konstitusiyasının inşişaf tarixi və müstəqil Azərbaycanın ilk Konstitusiyası” mövzusunda məruzə edib. Məruzədə Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət və müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi zərurəti, ümumilikdə Azərbaycanda Konstitusiya tarixi, 1995-ci il Konstitusiyası və onun əsas prinsipləri və əsas müddəaları haqqında məlumat verilib.
Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin baş elmi işçisi, hüquq elmləri doktoru, dosent Zaur Məmmədov “Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda məruzə edib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında inkişaf yoluna qədəm qoyan Azərbaycan Respublikasının Konstitusuyasının qəbul olunmasında Ulu Öndərin rolundan danışan məruzəçi bununla ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm təməli layihəsinin qoyulduğunu qeyd edib. Z.Məmmədov Əsas Qanunun "Xalqın suverenliyi" adlanan 2-ci maddəsinə diqqət çəkib: "Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”.
Dövlət suverenliyinin dövlət hakimiyyətinin vahidliyində və aliliyində, habelə onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunduğunu deyən məruzəçi, dövlətin suverenliyinin dövlət hakimiyyətinin ölkə daxilində aliliyi və dövlətlərarası münasibətdə müstəqil olması demək olduğunu bildirib.
Konfransda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.