Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

23.04.2025 10:25
  • A-
  • A
  • A+

AMEA ilə Özbəkistanın Pedaqoji Təkmilləşdirmə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA ilə Özbəkistanın Pedaqoji Təkmilləşdirmə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistanın Xarəzm vilayətində yerləşən Pedaqoji Təkmilləşdirmə Mərkəzinin direktoru professor Jasurbek Salayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə Azərbaycan ilə Özbəkistan arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinin dövlət başçılarımızın sıx fəaliyyəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib. Bildirib ki, bu gün Azərbaycan ilə Özbəkistan bir çox sahələrdə əməkdaşlıq edir, o cümlədən elm, təhsil istiqamətində də əlaqələr iki ölkənin alimlərinin, ali təhsil müəssisələrinin əməkdaşlarının səyləri nəticəsində genişlənməkdə davam edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Özbəkistanın Elmlər Akademiyası və ali təhsil müəssisələri ilə geniş əlaqələrinin mövcud olduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan və Özbəkistan alimlərinin ortaq tarix, dil, ədəbiyyat, arxeologiya və s. istiqamətlərdə birgə elmi tədqiqatlar apardıqlarını, elmi konfranslar, simpoziumlar təşkil etdiklərini, nəşrlər ərsəyə gətirdiklərini, eləcə də kadr hazırlığının həyata keçirildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli birgə əməkdaşlığın ölkələrimiz arasında elmin, təhsilin inkişafına töhfə verəcəyini bildirib.

Sonra çıxış edən Özbəkistanın Xarəzm vilayətində yerləşən Pedaqoji Təkmilləşdirmə Mərkəzinin direktoru professor Jasurbek Salayev AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, bu gün Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı etimada, dostluğa və ortaq dəyərlərə əsaslanaraq bütün sahələrdə inkişaf etməkdə olduğunu deyib. Jasurbek Salayev rəhbərlik etdiyi qurumum tarixi, fəaliyyət istiqamətləri və kadr hazırlığı barədə məlumat verib, AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Çıxışlardan sonra AMEA ilə Özbəkistanın Pedaqoji Təkmilləşdirmə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Pedaqoji Təkmilləşdirmə Mərkəzinin direktoru professor Jasurbek Salayev imzalayıblar.

Daha sonra qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Özbəkistan nümayəndə heyəti həmçinin AMEA Rəyasət Heyətinin binası ilə tanış olub.

Qeyd edək ki, görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Özbəkistanın Pedaqoji Təkmilləşdirmə Mərkəzinin direktor müavini doktor Muzaffar Matnazarov, Tədris məsələləri şöbəsinin müdiri Jumaniyaz Artikov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin böyük elmi işçisi, BZT-TURAN Akademiyasının Orta Asiya və Qafqaz üzrə rəhbəri Fərahilə Babayeva-Şükürova və BZT-TURAN Akademiyasının Azərbaycan üzrə rəhbəri Niyaməddin Şükürov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: