Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

30.04.2025 12:14
  • A-
  • A
  • A+

Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb

Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb

Azərbaycanın tanınmış rəssam-boyakarı, silsilə tabloların müəllifi, Türkiyənin Afyon Kocatepe Universitetinin Gözəl sənətlər fakültəsinin professoru Məmməd Şirzad Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə bir sıra əsərlərini AMEA-ya bağışlayıb.

Professor Məmməd Şirzad bununla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə müraciət ünvanlayıb. Müraciətdə “Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı quruculuq işləri elm sahəsi ilə yanaşı, təsviri sənət sahəsində də böyük uğurların əldə olunmasına zəmin yaratmışdır. Azərbaycanda gedən bu əhəmiyyətli quruculuq prosesləri, eyni zamanda, elm və mədəniyyət sahələrinin inkişafına dövlətin yüksək diqqət və qayğısı müşayiət olunur. Hazırki şəraitdə Sizin rəhbərliyinizlə AMEA-da həyata keçirilən islahatlar, elmin, mədəniyyətin tədqiqi və təbliğinə göstərdiyiniz diqqət və həssaslığı görmək və dəyərləndirmək hər bir azərbaycanlı ziyalının mənəvi borcudur”, - deyə qeyd olunub.

Azərbaycan incəsənətini, mədəniyyətini dünyada layiqincə təmsil edən professor Məmməd Şirzadın AMEA-ya bağışladığı əsərlər sırasında iri həcmli “Bizim torpaq” pannosu, “Üzümçü qızlar” tablosu, bir sıra portret rəsmləri və Gürcüstan mövzusunda çəkdiyi rəsm əsərləri kimi rəsmlər vardır.

Bu münasibətlə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Məmməd Şirzadla görüşüb, rəssama müəllifi olduğu əsərlərini Akademiyaya bağışlamasına görə minnətdarlığını bildirib.

Rəssam Məmməd Şirzad da öz növbəsində Akademiya əməkdaşlarının rəsm əsərləri ilə tanış olduğunu bildirib, onlar üçün AMEA-da sərgilərin təşkil edilməsini yüksək qiymətləndirib.

Azərbaycan təsviri incəsənətinin təbliği və inkişafında xidmətlərinə görə, professor Məmməd Şirzad AMEA-nın “Təşəkkürnamə”si ilə təltif edilib.

Akademik İsa Həbibbəyli qonağa AMEA-nın “Təşəkkürnamə”sini təqdim edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: