AMEA-nın Rəyasət Heyətində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri - mədəniyyət attaşesi prof. Dr. Tarek Məhəmmədlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonağı salamlayaraq bildirib ki, tarixən Azərbaycan ilə Misir arasında mövcud olmuş əlaqələrin müasir dövrdə elmi və mədəni sahələrdə daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. AMEA rəhbəri qeyd edib ki, bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Şərqlə Qərb arasında körpü rolunun möhkəmləndirilməsinə töhfə verir.
Akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının Misirin müvafiq qurumları ilə ərəb dili, İslam mədəniyyəti, Şərq fəlsəfəsi, qədim əlyazmalar, ədəbiyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib.
Daha sonra çıxış edən professor Dr. Tarek Məhəmməd Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və əməkdaşlarını salamlayaraq qeyd edib ki, onun səfərinin əsas məqsədi Misirin elm və mədəniyyət qurumları ilə Azərbaycan arasında mövcud əlaqələri daha da genişləndirməkdir. O bildirib ki, bu istiqamətdə hər iki ölkənin elmi müəssisələrinin birgə təşəbbüsləri və fəal iştirakı mühüm rol oynayacaq. Professor Tarek Məhəmməd vurğulayıb ki, rəhbərlik etdiyi Mərkəz elm və mədəniyyət sahəsində əməkdaşlıq üçün hər cür dialoqa və dəstəyə hazırdır.
Görüşdə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva da çıxış edərək professor Tarek Məhəmmədin ərəb dili üzrə mütəxəssis olduğunu qeyd edib, rəhbərlik etdiyi institutun ərəb ölkələri ilə illərdir davam edən səmərəli əməkdaşlıq təcrübəsindən danışıb və onu institutla yaxından tanış olmağa dəvət edib.
Görüşdə, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev, Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev, Şəki Regional Elmi Mərkəzinin direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, Memarlıq və İncəsənət İnstitutunun direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov və Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini filologiya elmləri doktoru Baba Məhərrəmli əyani və onlayn çıxış edərək birgə əməkdaşlıq üçün təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.