Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə AMEA-nın həqiqi üzvü Abel Məhərrəmova “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı təqdim olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycan-Rusiya elmi əlaqələri tarixi ənənələrə malikdir və bu əməkdaşlıq Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası arasında imzalanmış müqavilələrlə dəstəklənir. Akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə Akademiyalarımız arasında əməkdaşlıq daha da genişlənib, birgə elmi layihələr həyata keçirilib, Rusiya Elmlər Akademiyası ilə yol xəritəsi imzalanıb.
Daha sonra tədbirdə iştirak edən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşini təqdim edib və onun elmi fəaliyyəti haqda məlumat verib.
İclasda çıxış edən REA-nın vitse-prezidenti akademik Sergey Aldoşin qonaqpərvərliyə görə minnətdarlığını bildirib və akademik Gennadi Krasnikovun salamlarını çatdırıb. Akademik Sergey Aldoşin AMEA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub, müstəqillik illərində birlikdə bir çox layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını söyləyib. O, akademik Abel Məhərrəmovun kimya sahəsindəki nailiyyətlərinin elm xadimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalını ona təqdim edib.
Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev çıxış edərək kimya sahəsində Azərbaycan-Rusiya elmi əlaqələrini faydalı hesab etdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən akademik Abel Məhərrəmov təltif edilməsi münasibətilə Rusiya Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də bugünkü tədbirə görə AMEA prezidentinə minnətdarlığını bildirib.
Daha sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub.
Müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamının 1-ci bəndində AR Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən 14 aprel 2025-ci il tarixli iclasda müvafiq qərar qəbul olunub və AMEA-nın Humanitar Elmlər Bölməsinə digər elmi bölmə, müəssisə və təşkilatlar tərəfindən təqdim olunan təkliflər nəzərə alınmaqla, AMEA-nın Tədbirlər planının layihəsini hazırlayaraq təsdiq üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, ötən müddət ərzində AMEA-nın Humanitar Elmlər Bölməsi tərəfindən AMEA-nın Tədbirlər planının layihəsi hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunub.
Tədbirlər planında Seyid Əzim Şirvaninin doğulduğu Şamaxı şəhərində anadan olmasının 190 illiyi münasibətilə yubiley tədbirinin keçirilməsi, “Seyid Əzim Şirvani poeziyasının dili”, “Seyid Əzim Şirvani – Füzuli poetik məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi”, “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik ədəbi interpretasiya”, “Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu”, “Seyid Əzim Şirvaninin yaradıcılığında ictimai və mənəvi-etik mövzuların vəhdəti”, “Seyid Əzim Şirvaninin bədii irsi”, “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığnda Nizami irsi”, “Seyid Əzim Şirvani yaradıcılığı və klassik şərq poeziyası ənənələri” mövzusunda dəyirmi masa, elmi seminar, konfrans və digər tədbirlərin keçirilməsi, eləcə də müstəqillik dövrünün çağırışları işığında ədibin həyatı və fəaliyyətini əks etdirən monoqrafiyanın hazırlanması nəzərdə tutulur.
Qeyd olunanları nəzərə alaraq, Seyid Əzim Şirvaninin 190 illiyi ilə əlaqədar AMEA-nın Tədbirlər planı təsdiqlənib.
Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qırğızıstan Respublikasına səfərinin nəticələri haqqında məlumat verib. Akademik İsa Həbibbəyli bildirib ki, 16-19 aprel tarixlərində Qırğızıstan Respublikasında səfərdə olub, bir sıra görüşlər keçirib, müqavilələr imzalanıb.
Belə ki, Qırğızıstan Milli Elmlər Akademiyasının (QMEA) prezidenti müxbir üzv Kanat Abdrahmatovla görüş zamanı akademiyalar arasındakı qarşılıqlı elmi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb, gələcək elmi əməkdaşlığın gücləndirilməsi, birgə elmi fəaliyyətin təşkili məqsədilə Akademiyalar arasında Anlaşma memorandumu imzalanıb.
Akademik İsa Həbibbəyli Qırğızıstana səfəri çərçivəsində QMEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunda da olduğunu, Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları tərəfindən birlikdə hazırlanan “Çingiz Aytmatov və Azərbaycan” cildinin sözlüyünün müzakirə edilərək təsdiqləndiyini, məqalə müəlliflərinin müəyyənləşdirildiyini söyləyib.
AMEA rəhbəri, o cümlədən Qırğızıstan-Türkiyə Manas Universitetinin təşkilatçılığı ilə keçirilən V Beynəlxalq türk sivilizasiyası konfransında da iştirak etdiyini, plenar iclasda “Türk sivilizasiyasının formalaşması və inkişafında elm və ədəbiyyat faktoru” mövzusunda məruzə ilə çıxış etdiyini diqqətə çatdırıb. Eyni zamanda Manas Universitetinin rektoru professor Alpaslan Ceylanla görüş keçirib, Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Akademik İsa Həbibbəyli, həmçinin böyük qırğız yazıçısı Çingiz Aytmatovun Ata-beyitdəki məzarını da ziyarət edib, daha sonra Manas Universitetində “Mediamanas” mərkəzində olub, burada Manas televiziyası və radiosunda yayımlanan verilişdə geniş müsahibə verib.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.
Sonra iclasda Türkiyənin Afyon Kocatepe Universitetinin professoru Məmməd Şirzadın rəsm əsərlərini təmənnasız olaraq AMEA-ya hədiyyə etməsi haqqında məsələyə baxılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, professor Məmməd Şirzad müraciət edərək Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə bir sıra əsərlərini AMEA-ya bağışlayıb. O, müraciətində “Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı quruculuq işləri elm sahəsi ilə yanaşı, təsviri sənət sahəsində də böyük uğurların əldə olunmasına zəmin yaratmışdır. Azərbaycanda gedən bu əhəmiyyətli quruculuq prosesləri, eyni zamanda, elm və mədəniyyət sahələrinin inkişafına dövlətin yüksək diqqət və qayğısı ilə müşayiət olunur. Hazırki şəraitdə Sizin rəhbərliyinizlə AMEA-da həyata keçirilən islahatlar, elmin, mədəniyyətin tədqiqi və təbliğinə göstərdiyiniz diqqət və həssaslığı görmək və dəyərləndirmək hər bir azərbaycanlı ziyalının mənəvi borcudur”, - deyə qeyd edib.
AMEA prezidenti Azərbaycan incəsənətini, mədəniyyətini dünyada layiqincə təmsil edən professor Məmməd Şirzadın bağışladığı əsərlər sırasında iri həcmli “Bizim torpaq” pannosu, “Üzümçü qızlar” tablosu, bir sıra portret rəsmləri və Gürcüstan mövzusunda çəkdiyi rəsm əsərlərinin olduğunu bildirib. Qeyd edib ki, professor Məmməd Şirzad bu münasibətlə bu günlərdə Akademiyanı ziyarət edib, səfər zamanı Azərbaycan təsviri incəsənətinin təbliği və inkişafında xidmətlərinə görə, AMEA-nın “Təşəkkürnamə”si ona təqdim olunub.
AMEA-nın Rəyasət Heyəti tərəfindən professor Məmməd Şirzadın rəsm əsərlərini Azərbaycan Milli Elmlər Akademiyasına təmənnasız təqdim etməsi hadisəsi Azərbaycan incəsənətinin Azərbaycan elminə göstərdiyi diqqətin təzahürü kimi qəbul edilib və təqdim olunan rəsm əsərlərinin müvafiq inventar siyahısına daxil edilərək qeydiyyata alınması haqda qərar verilib.
İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda ingilis dilində “Azərbaycan arxeologiyası və antropologiyası” jurnalının təsis edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ölkə ərazisində apardığı arxeoloji və antropoloji tədqiqatların nəticələrinin elmi ictimaiyyətə geniş şəkildə çatdırılması, elmi yeniliklərin populyarlaşdırılması, arxeologiya elminin müxtəlif nəzəri problemlərinin aktuallaşdırılması məqsədilə ingilis dilində, müasir çağırışlara cavab verən “Azerbaijan Archaeology and Anthropology” (Azərbaycan Arxeologiyası və Antropologiyası) jurnalının təsis edilməsi zərurəti yaranıb. Jurnalda işğaldan azad olunmuş tarixi torpaqlarımızda müxtəlif arxeoloji tədqiqatlar, dünya arxeologiya elmində baş verən yeniliklər, eləcə də, arxeologiya ilə yanaşı, numizmatika, antropologiya və epiqrafika elmlərinə dair məqalələrin və araşdırmaların yer alması da nəzərdə tutulur.
Qeyd olunanları nəzərə alaraq, sözügedən jurnalın təsis olunması haqda qərar verilib və redaksiya heyətinin tərkibi təsdiqlənib.
Həmçinin Azərbaycanın maddi-mədəni irsinin təbliği, ölkəmizin müxtəlif ərazilərində aparılan qazıntı işlərinin nəticələri, aşkar edilmiş maddi mədəniyyət abidələri, onların tarixi, aparılan arxeoloji qazıntılar haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda “Arxeoloji irs” jurnalı təsis edilib və redaksiya heyətinin tərkibi təsdiq olunub.
İclasda, həmçinin akademik Mustafa Topçubaşovun 130, akademik İradə Hüseynovanın 60, akademik Muxtar İmanovun 70, akademik Ziyad Səmədzadənin 85, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 70 və AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 85 illik yubileyi haqqında qərarlar qəbul edilib.
Qeyd olunan məsələlər ətrafında akademiklər - Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Arif Həşimov, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi çərçivəsində hazırlanan bir sıra nəşrlərlə bağlı tapşırıqlarını verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.