Balakən Rayon Mədəniyyət Mərkəzində Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudovun anadan olmasının 85 illiyi münasibətilə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbir AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən, eləcə də Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən kitablardan ibarət sərgiyə baxış keçirilib.
Sonra görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev belə mötəbər tədbirin məhz Balakəndə keçirilməsindən məmnunluğunu ifadə edib, akademik Yaqub Mahmudovun Azərbaycan elminə verdiyi misilsiz töhfələrdən danışıb. Qeyd edib ki, Şimal-qərbi Azərbaycan mövzusu Yaqub Mahmudovun elmi yaradıcılığında aparıcı xətdir, lakin bütünlükdə Azərbaycan tarixinin öyrənilməsində və tarixi faktların aşkara çıxarılmasında alimin yeri və rolu danılmazdır.
Daha sonra Şəki REM-in baş direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü çıxış edərək akademik Yaqub Mahmudovun təlatümlü ömür yoluna nəzər salıb, həyatını elmə həsr etmiş böyük alimin müəllifi olduğu minlərlə elmi əsərin dərin zəkanın, zəhmətin məhsulu olduğunu söyləyib. O, Yaqub Mahmudovun gərgin əməyinin, uğurlu elmi araşdırmalarının, Qarabağ, Naxçıvan və İrəvanla bağlı fundamental tədqiqatlarının nəticəsində Qarabağın hüquqi və etnik kimliyinin sübut edildiyini vurğulayıb.
Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürov isə çıxışında akademik Yaqub Mahmudovun 85 illik yubileyinin qeyd edilməsinin "elm bayramı" olduğunu deyib. Kərim Şükürov bildirib ki, dövlətçilik ənənələrinin inkişafında akademik Yaqub Mahmudovun rolunu və əhəmiyyətini nəzərə alsaq, bugünkü tədbirin məhz "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilməsinin mahiyyəti aydın olar: “Azərbaycan tarixinin ana dilində ən gözəl ifadəsi məhz hörmətli akademik Yaqub Mahmudovun adı ilə bağlıdır və o, ana dilini tarixin dilinə çevirib dövlətçilik ənənələrinin inkişaf etdirilməsində əzmlə xidmət edərək, təkcə Şimal-qərb bölgəsinin deyil, sistemli şəkildə Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz xidmət göstərən nadir şəxsiyyətlərdəndir”.
Tədbirdə Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi t.ü.f.d. Akif Məmmədli "Şimal-qərbi Azərbaycan-qədim tarixi abidələr diyarı" mövzusunda çıxış edərək tarixi abidələrin milli kimliyimizin, dövlətimizin və dövlətçiliyimizin var olmasındakı önəmindən danışıb, gəncləri tariximizə və tarixi abidələrə sahib çıxmağa səsləyib.
"Qərbi Azərbaycan mövzusu akademik Yaqub Mahmudovun "İtirilmiş torpaqlar" elmi-tədqiqat istiqamətində" adlı məruzə ilə çıxış edən t.e.d., dos. Güntəkin Nəcəfli Qərbi Azərbaycan mövzusunun Yaqub Mahmudovun yaradıcılığında əsas istiqamətlərdən biri olduğunu söyləyib. O, "İrəvan dəftərləri" qeydləri, arxiv materialları əsasında İrəvanın qədim Azərbaycan torpaqları olması ilə bağlı faktların onomastik materiallarla sübuta yetirilməsinin məhz Yaqub Mahmudovun təşəbbüsü olduğunu nəzərə çatdırıb.
Tarix üzrə fəlsəfə doktoru, dos. Ellada Bəkirova "Azərbaycan Albaniya dövlətinin qərb sərhədləri" adlı çıxışında qədim Albaniyanın sərhədlərinin Tiflis ətrafındakı ərazilərə qədər gedib çıxmasından, burada etnik tərkib baxımından qeyri-iber əhali qruplarının yaşamasından, ərazidə türkdilli toponimlərin, xristianlığa qədərki dövrə aid olan Alban məbədlərinin mövcudluğundan danışıb. Məruzəçi bütün bunların bu ərazilərin türklərin qədim torpaqları olduğunu sübut etdiyini bildirib.
"Azərbaycana qarşı ərazi iddialarında ingiloy problemi" mövzusunda məruzəsini təqdim edən tarix üzrə fəlsəfə doktoru, dos. Şirinbəy Əliyev vurğulayıb ki, Yaqub Mahmudovun yaradıcılığında öz müsbət həllini tapmış məsələlərdən biri də ingiloy problemidir. Bu problem XVIII əsrdən başlayır, əsas məqsəd ölkənin daxildən parçalanıb idarə edilməsi üçün ingiloyların gürcüdən dönmə olduğunu sübut etmək və onların yaşadıqları ərazilərin tarixi gürcü torpağı olduğunu isbat etmək olub. O, məhz akademik Yaqub Mahmudovun rəhbərliyi ilə qədim bir etnosun milli kimliyinin üzə çıxarıldığını, onların heç bir etnakonsepsionar əhali qrupuna aid deyil, müstəqil etnos olduqlarının sübuta yetirildiyini bildirib.
Tarix üzrə fəlsəfə doktoru, dos. Ənvər Məmmədov "Şimal-qərbi Azərbaycanda çarizmin müstəmləkəçilik rejiminə qarşı müqavimət hərəkatı" adlı məruzəsində Rusiyanın apardığı 85 illik əməliyyatlar zamanı itkilərini statistik rəqəmlərlə təqdim edib. Rəqəmlərə əsasən bu əməliyyatlarda öldürülən 13 rus generalından 2-nin, zabit və əsgərlərin 40%-nin məhz Şimal-qərbi Azərbaycanın payına düşdüyünü qeyd edib. Bolşevik hakimiyyətinə qarşı yönələn Nuxa-Zaqatala üsyanının bu mübarizənin kulminasiya nöqtəsi olduğunu və bütün bunların bölgənin əhalisinin cəsarətindən xəbər verdiyini vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru, dos. İradə Əliyeva "Çarizmin Şimal-qərbi Azərbaycanda zorakı xristianlaşdırma siyasəti" mövzusunda məruzə edib. Qeyd edib ki, akademik Yaqub Mahmudovun Azərbaycan tarixi üçün gördüyü mühüm işlərdən biri də on minlərlə arxiv sənədinin Vətənimizə gətirilərək elmi-tədqiqata cəlb edilməsidir. Məruzəçi bu sənədlər içərisində zorakı xristianlaşdırma ilə bağlı 120 səhifəlik materialın əhəmiyyətindən danışaraq bildirib ki, 1850-1860-cı illərdə Qaxdakı ingiloyların zorakı xristianlaşdırılması, eləcə də onların adlarının gürcü adları ilə əvəz edilməsi faktları aşkarlanıb. Bu isə ingiloyların türk olması faktını sübut edir.
Daha sonra Tarix və Etnologiya İnstitutunun doktorantları çıxış ediblər.
Qeyd olunub ki, akademik Yaqub Mahmudov bütünlükdə Azərbaycan tarixinin öyrənilməsi, tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində əvəzedilməz xidmətləri ilə gənclərə örnək olan bir şəxsiyyətdir.
Sonda akademik Yaqub Mahmudov konfransın təşkil edilməsində əməyi olanlara təşəkkürünü bildirib, gəncləri dövlətçiliyimizin qorunması yolunda mühüm əhəmiyyət kəsb edən tariximizi unutmamağa, gələcək nəsillərə təbliğ etməyə çağırıb.
Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.