Fevralın 11-də elm tarixində ən mühüm hadisələrdən biri baş verib. Belə ki, amerikalı alimlər qrupu Vaşinqtonda nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteynin 100 il bundan öncə ehtimal etdiyi qravitasiya dalğalarının aşkarlandığını bildiriblər. Bu barədə "ADA" Universitetində keçirilən tədbirdə ABŞ-ın Merilənd Universitetinin fəxri professoru, Şərq-Qərb Kosmik Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Roald Saqdeyev məruzə edib.
Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru, akademik Bahadur Tağıyev, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və bir sıra digər tanınmış alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "ADA" Universitetinin rektoru, professor Hafiz Paşayev məruzənin olduqca aktual məsələyə həsr olunduğunu bildirib. Rektor professor R.Saqdeyevin "ADA" Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik məktəbinə dəvət olunduğunu, bir həftə ərzində univeristetin tələbələrinə təlim kursu keçəcəyini diqqətə çatdırıb.
Sonra R.Saqdeyev “Eynşteyndən 100 il sonra: Qravitasiya dalğalarının kəşfi” mövzusunda məruzəsini təqdim edib. Eynşteynin 100 il bundan öncə Qravitasiya dalğaları ilə bağlı irəli sürdüyü nəzəriyyəyə dünya alimlərinin uzun müddət şübhə ilə yanaşdıqlarını deyən məruzəçi böyük alimin bu nəzəriyyəni təsvir edəcək düsturu da kəşf etdiyini bildirib. Qeyd edib ki, Qravitasiya dalğaları nə qədər intensiv olarsa bizim onu müşahidə etməyimiz də bir o qədər asan olar. Alimlərin fikrincə, ulduzların partlayışı bu intensivliyin səbəblərindən biri ola bilər.
Məruzəçinin sözlərinə görə, Qravitasiya dalğaları ilk dəfə 2015-ci ilin 14 sentyabrında ABŞ-ın Vaşinqton və Luiziana ştatlarında yerləşən LIGO (Lazer İnterferometrik Qravitasiya Dalğaları Rəsədxanası) qravitasiya rəsədxanalarının dedektorları tərəfindən qeydə alınıb. Amerikanın Massaçusets və Kaliforniya texnologiya institutlarının alimləri isə uzaq kosmosda iki qara dəliyin toqquşması nəticəsində “məkan-zaman dalğacıqlarını” qeydə almağa müvəffəq olublar. Həmin qara dəliklərin kütləsi Günəşdən 29 və 36 dəfə çox olub və toqquşma 1,3 milyard il bundan əvvəl baş verib.
Nəhayət bu il fevralın 11-də amerikalı alimlər qrupu Vaşinqtonda 100 il bundan öncə Eynşteyn tərəfindən ehtimal olunan qravitasiya dalğalarının aşkar edildiyini elm dünyasına elan ediblər. Qravitasiya dalğalarının varlığı ilə bərabər, alimlər eksperimental olaraq “qara dəliklərin” ikili sisteminin mövcudluğunu da sübut ediblər.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.