Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2016 09:20
  • A-
  • A
  • A+

“Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı olub

“Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı olub

Fevralın 22-də AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı keçirilib.

Əvvəlcə iştirakçılar AMEA-nın Əsas binasının foyesində Xocalı soyqırımına həsr edilən rəsm sərgisi ilə tanış olublar.

Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqının başına gələn tarixi faciələrdən, Xocalı soyqırımından söz açıb, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasının uğurla aparılması sayəsində artıq bir sıra ölkələrdə Xocalı faciəsi soyqırımı aktı kimi tanınır.

Akademik İ.Həbibbəyli soyqırımı tədqiqatlarının təşkili məqsədilə AMEA-da yaradılan “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyəti barədə də məlumat verib. Bildirilib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin komissiya tərəfindən dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Kitabın elmi və tarixi əhəmiyyətindən danışan akademik yeni nəşrdə ilk dəfə vizual incəsənətdə soyqırımı mövzusuna aid materialların ümumiləşdirilərək dərc olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitabda Azərbaycan, Qazaxıstan, Ukrayna, İsrail, Yaponiya, Polşa, Rusiya, Qırğızıstan və digər ölkələrin rəssamlarının rəngkarlıq, heykəltəraşlıq, qrafika və xatirə memarlığı əsərləri təqdim edilir.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Xocalı soyqırımı Azərbaycan incəsənətində”, İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayevanın “Xocalı faciəsinin hüquqi aspektləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Məruzələrdə Xocalı faciəsinin Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik olduğu bildirilib, bu dəhşətli qətliamın beynəlxalq aləmdə tanıdılmasının zəruriliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: