Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.02.2016 09:29
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb

Fevralın 22-də AMEA prezidenti, akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb.

Görüşdə akademik A.Əlizadə AMEA-da magistr təhsilinin təşkilinin əhəmiyyətindən danışıb, bunu elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Qeyd edilib ki, 2014-cü ildə ölkə rəhbərliyinin dəstəyi ilə AMEA-da magistratura təhsil pilləsinin təşkili istiqamətində kompleks tədbirlər görülüb və 2015/2016-cı tədris ili üçün yeddi institutda doqquz ixtisas üzrə magistraturaya qəbul keçirilib. AMEA-nın rəhbəri növbəti tədris ilində magistratura təhsilinin akademiyanın 15 institutunda təşkil olunacağını da diqqətə çatdırıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov 2015/2016-cı tədris ilinin qış sessiyasının yekunlarına dair məlumat verib. Bildirilib ki, ötən il AMEA-ya qəbul olunan 19 magistrantdan 14-ü qış sessiyasını “əla” qiymətlərlə başa vurub. Bütün magistrantlar təhsil aldıqları institutlarda işə götürülüb və onlara ixtisas dərsləri laboratoriya şəraitində tədris edilir. Alim vurğulayıb ki, Dilçilik İnstitutunun magistrantları növbəti semestrdə təhsillərini davam etdirmək üçün Türkiyənin Hacettepe Universitetinə ezam olunacaqlar.

Daha sonra akademik A.Əlizadə magistrantların elmi mövzuları ilə tanış olub, laboratoriyalardakı fəaliyyətləri ilə maraqlanıb. AMEA-nın rəhbəri magistrantlara və onların elmi rəhbərlərinə tövsiyələrini verib, uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: