Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2025 19:30
  • A-
  • A
  • A+

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı keçirilib

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı keçirilib

Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfrans Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu,  AMEA-nın Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi və Heydər Əliyev Muzeyi ziyarət edilib. Qonaqlar Ümummilli Liderin həyatı, fəaliyyətinə və zəngin dövlətçilik irsinə həsr olunmuş ekspozisiya nümunələri ilə tanış olublar.

Daha sonra “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” adlı sərgiyə baxış keçirilib.

Plenar iclas AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin çıxışı ilə başlayıb. O, Azərbaycan xalqına qarşı törədilən soyqırım və deportasiyalardan danışıb. Bildirib ki, müəyyən dövrlərdə həyata keçirilən deportasiyaların nəticəsində 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan ayrı düşüb. Son dövrlərdə Qərbi Azərbaycana həsr olunmuş həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlərin sayının artmasına diqqət çəkən İsmayıl Hacıyev bu məsələnin əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxışında ölkəmizin inkişafındakı uğurlara diqqət çəkib. Bu tərəqqinin Prezident İlham Əliyevin yeritdiyi siyasət, milli birliyimiz və ordumuzun hesabına olduğunu vurğulayıb. Ceyhun Cəlilov Qərbi Azərbaycana məxsus toponimlərin, dil faktorlarının, abidələrin və digər mədəniyyət nümunələrinin araşırılmasında elmi əsaslar ortaya qoyan elm adamlarına uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında dövlət başçısının sülhə və əməkdaşlığa əsaslanan uzaqgörən siyasətinə diqqət çəkib. 44 günlük müharibənin uğurlu nəticələrindən, AMEA-da Qərbi Azərbaycanın tarixinin və folklorunun araşdırılması üçün açılan şöbələrdən danışıb.

Akademik İsa Həbibbəyli özünün Ön sözü ilə işıq üzü görmüş “Naxçıvanın bir əsrlik biblioqrafik salnaməsi” kitabını Ceyhun Cəlilova hədiyyə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə icmanın sədri Abel Məhərrəmov Naxçıvan və Qərbi Azərbaycanın tarixindəki oxşarlıqlardan və Qərbi Azərbaycan İcmasının fəaliyyətindən söz açıb.

Naxçıvan Dövlət Universitetinin rektoru tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Qərbi Azərbaycanın araşdırılmasına həsr olunmuş fundamental tədqiqatlara diqqət çəkib. Bu araşdırmaların gənc tədqiqatçılar üçün yeni üfüqlər açdığını qeyd edib. Elbrus İsayev Qərbi Azərbaycanla bağlı universitetdə görülən işlərə diqqət çəkib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsi və bu sahədə Azərbaycan alimlərinin öhdəliklərindən ətraflı şəkildə danışıb. Toponimlərin araşdırılmasına diqqət çəkən professor adı dəyişdirilən ərazilərimizdən söz açıb.

Türkiyənin İğdır Universitetinin Fənn ədəbiyyatı fakültəsinin dosenti coğrafiya üzrə fəlsəfə doktoru Oğuz Şimşək Qərbi Azərbaycanın tarixi  haqqında dəqiq məlumatlarla çıxış edib. Tarixi ərazilərimizi slaydlar vasitəsilə konfrans iştirakçılarına nümayiş etdirib. İrəvana həsr olunmuş şeiri səsləndirən Oğuz Şimşək erməni vəhşiliklərindən də söz açıb. Məqsədli şəkildə adı dəyişdirilən kəndlərimizin tarixindən bəhs edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri professor Cəbi Bəhramov Qərbi Azərbaycanın tarixi və mədəniyyətinin tədqiq edilməsindən ətraflı şəkildə danışıb. Tarixi torpaqlarımızın mədəniyyətimizin dəqiq mənbələrə əsaslanaraq araşdırılmasının əhəmiyyətini qeyd edib.

Konfransda Qərbi Azərbaycanın tarixin müəyyən dövrlərində çəkdiyi bəlalar, vətəndaşlarımızın doğma torpaqlarımıza qayıtmaq üçün çəkdikləri həsrətdən danışılıb. Prezident İlham Əliyevin başçılığı ilə "Böyük Qayıdış"ın baş tutması, tarixi torpaqlarımızın bərpa olunması kimi məsələlər barədə ətraflı müzakirələr aparılıb və təhlillər edilib.

Daha sonra “Biz qayıdacağıq” sənədli filminə baxış keçirilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: