Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

15.06.2025 13:28
  • A-
  • A
  • A+

Heydər Əliyev Milli Qurtuluş Gününü tarixə yazan dahi şəxsiyyətdir

Heydər Əliyev Milli Qurtuluş Gününü tarixə yazan dahi şəxsiyyətdir

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.”

                                                           Heydər ƏLİYEV,

                                                            Azərbaycan xalqının Ümummilli Lideri

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda baş vermiş daxili çəkişmələr müstəqilliyimizi, dövlətçiliyimizi sürətlə təhlükəyə doğru aparırdı. Qeyri-adekvat hərəkətlər ölkədə anarxiyanın miqyasının genişlənməsinə, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji baxımdan böhranın dərinləşməsinə, cəbhədə hərbi uğursuzluqlara, ən dəhşətlisi isə xalqın vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmasına aparıb çıxardı. Beləliklə, 1993-cü ilin iyununda məlum Gəncə hadisələri baş verdi.

Belə bir vəziyyətdə Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağladı. Xalq Heydər Əliyevin siyasi hakimiyyətə dönüşünü arzulayırdı. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr gedir, teleqram teleqram ardınca göndərilirdi. Yeni Azərbaycan Partiyasının yaranması da bu zərurətdən irəli gəlmişdi. Qayıdış 1993-cü il iyunun 9-da baş verdi. Heydər Əliyev onu qarşılayanların alqışları altında Bakıya qədəm qoydu. Xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyevin iyun ayının 13-də Gəncəyə gedib, orada keçirdiyi görüşlər bir çox mürəkkəb və ziddiyyətli məsələlərin müəyyənləşdirilməsində mühüm rol oynadı.

1993-cü ilin iyun ayının 15-də keçirilən Milli Məclisin iclasında Heydər Əliyevin respublikanın ali rəhbərliyində təmsil olunmasına maneçilik törətmək cəhdləri ortaya çıxdı. Amma cəhdlər xalqın tələbi qarşısında duruş gətirə bilmədi və Heydər Əliyev iyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Elə həmin iclasda Heydər Əliyev proqram xarakterli çıxışında mövcud dövlət böhranının aradan qaldırılması yollarını, müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi:

“Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclis üzvlərinə, Azərbaycan Ali Sovetinə öz minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlarımdan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Bununla da Azərbaycanın müasir tarixində yeni mərhələnin təməli qoyuldu. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə ölkəmiz bütün təhlükələrdən xilas oldu, tənəzzüldən inkişafa qədəm qoydu. Ulu Öndər hüquqi və demokratik Azərbaycan dövlətinin banisinə çevrildi.

Bu gün müasir Azərbaycan Heydər Əliyevin şah əsəri kimi inkişaf edir, yüksəlir. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun liderinə, dünyanın sayılıb seçilən dövlətinə çevirib. Xalqımız bunu görür və haqlı olaraq cənab İlham Əliyevin ətrafında sıx birləşib.

Beləliklə, Qurtuluşdan başlanan intibah bu gün də Azərbaycan dövlətinin və xalqının yüksəlişinə xidmət edir.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: