Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunda çıxış edib.
O, Azərbaycan və Türkiyə kimi iki qardaş ölkənin ortaq tarixi, mədəniyyəti və strateji əməkdaşlığı əsasında təşkil olunmuş “Azərbaycan və Türkiyə dünya siyasətində” adlı simpoziumunun birgə elmi müzakirələr aparmaq, həmçinin ortaq gələcəyimizi formalaşdırmaq baxımından əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.
“Türk Mədəniyyəti və İrsi Fondu olaraq bizim əsas məqsədimiz Türk xalqları arasında ortaq dəyərlərin qorunması, zəngin elmi-mədəni irsimizin tanıdılması və bu irsin gələcək nəsillərə ötürülməsidir”, - deyən Aktotı Raimkulova Fondun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət başçılarının dəstəyi ilə 2012-ci ildə yaradıldığını diqqətə çatdırıb. O, Türk Mədəniyyəti və İrsi Fondunun qardaş ölkələr arasında elmi-mədəni inteqrasiyanın gücləndirilməsinə böyük önəm verdiyini söyləyib.
Azərbaycan və Türkiyənin təkcə coğrafi deyil, həm də mənəvi və mədəni baxımdan bir-birinə bağlı olduğunu deyən Aktotı Raimkulova vurğulayıb ki, bu iki ölkə arasında strateji tərəfdaşlıq Türk dünyasının bütövlüyü üçün mühüm nümunədir.
O, Türk Mədəniyyəti və İrsi Fondunun akademik İsa Həbibəylinin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası və onun nəzdindəki müxtəlif institutlarla sıx əməkdaşlıq etdiyini bildirib. “Buna müsal olaraq, uzun müddət itirilmiş sayılan böyük türkoloq alim Xalid Səid Xocayevin XX əsrin 30-cu illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin təqdim olunması, 2024-cü ilin dekabrında Parisdə UNESCO-nun mənzil qərargahında "Divani Lügət-it-Türk"ün 950 illiyi münasibətilə Türk dünyasının, ümumiyyətlə dünya mədəniyyətinin ən dəyərli xəzinələrindən biri olan bu əsərin əhəmiyyətini diqqətə çatdıran beynəlxalq konfransın təşkili və bir çox digər tədbirləri sadalamaq mümkündür”.
Aktotı Raimkulova qeyd edib ki, hazırda Fond AMEA ilə birgə 1926-cı ildə Bakıda keçiriləcək və türkologiyanın inkişafında əlamətdar bir hadisə olan Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə simpoziuma hazırlıq işlərini fəal şəkildə aparır.
Fond prezidenti beynəlxalq simpoziumun yeni ideyalar üçün ilham mənbəyi olacağına, Azərbaycan və Türkiyə alimləri arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə və Türk dünyasının qlobal mədəni-siyasi mövqeyinin güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, elm vasitəsilə qurulan körpülər siyasi və iqtisadi əməkdaşlığı daha da möhkəm və davamlı edə bilər. Bugünkü simpozium kimi tədbirlər də daxil olmaqla Türk dünyasının birlik və həmrəyliyi üçün gördüyümüz hər bir iş ortaq strateji tərəfdaşlığımızın ayrılmaz hissəsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.