Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün: “Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində əməli addımlar atılır”
20.06.2025 17:40
  • A-
  • A
  • A+

Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün: “Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində əməli addımlar atılır”

Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunda çıxış edib.

Professor Birol Akgün Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərindən danışaraq, hər iki ölkənin dünya siyasətində artan roluna və birgə mövqelərinin əhəmiyyətinə toxunub. Səfir bildirib ki, zəngin türk mənəviyyatını, ortaq mədəni dəyərləri qorumaq, ortaq keçmişimizin dünənindən bu gününə, bu günündən də gələcəyə ötürülməsini təmin etmək hazırda çox vacib məsələdir.

Professor Birol Akgün qeyd edib ki, Türk dünyası tarix boyu problem və sınaqlarla üzləşib, lakin dil, mədəniyyət və kimliyə münasibətini heç vaxt dəyişməyib. Min il tarixi olan türk irsinin əksini bu gün Orta Asiyadan Balkan yarımadasına qədər geniş bir ərazidə görmək olar.

O, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın elmi müzakirələr platforması olmaqla yanaşı, həm də xalqların taleyinin əks olunduğu məkana çevrildiyini söyləyib. Səfir 100 il sonra Birinci Türkoloji Qurultayın yubileyinin yenidən Bakıda təşkil edilməsinin tarixi əhəmiyyətini qeyd edib.

“Türk dünyası, tarixi və mədəni kökləri ortaq olan, müxtəlif coğrafi ərazilərdə yaşayan Türk xalqlarının böyük bir ailəsini təşkil edir”, - deyən  Birol Akgün Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində əməli addımların atıldığını bildirib.

Səfir Türk dünyası ortaq tarix dərsliklərinin nəşri, Türk dünyasının Ortaq Termin Birliyinin yaradılması, Türk dünyası üçün əlifbanın yaradılması kimi məsələlərin müasir dövrdə önəmini qeyd edib, simpoziumun işinə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: